Şəmkirdə sağlamlıq imkanları məhdud uşaqlar üçün əlil arabaları paylanıldı.
Şəmkir Heydər Əliyev Mərkəzi Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla bağlı daha bir möhtəşəm layihə həyata keçirib. Artıq bir neçə aydır ki, Şəmkir Heydər Əliyev Mərkəzində Şəmkir rayon İcra Hakimiyyətinin və “Gələcəyə addım” Sosial İnkişaf İctimai Birliyinin dəstəyi ilə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial sifarişi əsasında yaradılmış “Şəmkir şəhər sağlamlıq imkanları məhdud uşaqların icma əsaslı Sosial Reabilitasiya Mərkəzi” fəaliyyət göstərirdi.
Layihənin əsas məqsədi sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə adaptasiyası və bunun qarşısını alan problemlərin aradan qaldırılmasıdır.
Layihə doqquz ay boyunca Şəmkir şəhərində davam etmiş, yetmiş nəfər sağlamlıq imkanı məhdud uşağın reabilitasiya proqramını həyata keçirmişdir. İcma əsaslı reabilitasiya proqramına sağlamlıq imkanı məhdud uşaqların valideynlərinin psixoloji tədbirlərlə maariflənməsi üçün seminarlar, müxtəlif kurslar vasitəsilə sağlamlıq imkanı məhdud uşaqların nitq qabiliyyətinin yaxşılaşdırılması üçün loqoped dərsləri, motorikanın gücləndirilməsi üçün əl işləri kursları, sosial bacarıqlarının artırlması üçün müxtəlif ekskursiyalar, maarifləndirici tədbirlər daxil edilmişdir.
Şəmkir Heydər Əliyev Mərkəzində layihənin yekun tədbiri keçirilib. Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun fəaliyyətini nəzərə alaraq, “Gələcəyə addım” Sosial İnkişaf İctimai Birliyi, layihənin icrası zamanı əlil arabasına olan ehtiyacları Fonda ünvalamışdır. Müraciətləri nəzərə alaraq Gəncliyə Yardım Fondu 23.12.2015-ci ildə sağlamlıq imkanları məhdud uşaqlarla görüşmüş, on uşağı əlil arabası ilə təmin etmişdir.
Tədbirdə Şəmkir rayon İcra Hakimiyyəti başçısının müavini Məleykə Əlizadə, “Gələcəyə addım” Sosial İnkişaf İctimai Birliyinin rəhbəri Ayla Həsənova, Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev, rayon ictimaiyyətinin nümayəndələri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar iştirak ediblər.