Şriftin ölçüsü :

Saytın rəngi :

"Bölgələrdən paytaxta" adlı növbəti layihə Şəmkirə həsr edilib

22 sentyabr 2015 | 15:00

Sentyabrın 21-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Bölgələrdən paytaxta" adlı layihənin növbəti təqdimatı Şəmkir rayonuna həsr edilib.
Layihə çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi və Şəmkir rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayonun tarixini, mədəniyyətini və adət ənənəsini əks etdirən sərgi açılıb.
Əvvəlcə tədbir iştirakçıları Şəmkir rayonunun sosial-iqtisadi inkişafını, zəngin mədəniyyətini, adət-ənənələrini, mətbəx nümunələrini, dekorativ tətbiqi sənət ustalarının əl işlərini, bölgənin turizm imkanlarını əks etdirən sərgi ilə yaxından tanış olublar.
Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək bildirib ki, son illərdə Azərbaycanda mədəniyyət və turizm sahəsinin inkişafı istiqamətində görülən ardıcıl tədbirlər regionlara da öz müsbət təsirini göstərib. Dövlət başçısı tərəfindən qəbul edilmiş regionlarının sosial-iqtisadi inkişafına təkan verən Dövlət proqramlarının icrası nəticəsində bölgələrdə çoxlu sayda yeni muzey, kitabxana, musiqi məktəbi, mədəniyyət mərkəzləri istifadəyə verilib, tarixi abidələrin bərpası istiqamətində mühüm işlər görülüb.
Əbülfəs Qarayev diqqətə çatdırıb ki, artıq ölkəmizdə respublika səviyyəli tədbirlərlə yanaşı beynəlxalq tədbirlərin təşkili də ənənə halını alıb.
Nazir qeyd edib ki, Azərbaycanın qədim və zəngin mədəniyyətinin geniş təbliğ edilməsi, regionlararası mübadilənin gücləndirilməsi, bölgələrin mədəni və turizm potensialının nümayiş etdirilməsi məqsədilə baş tutan "Bölgələrdən paytaxta" adlı layihə Azərbaycanın mədəni və tarixi potensial imkanlarından xəbər verir.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov qonaqları rayon əhalisi adından salamlayaraq bildirib ki, bu gün regionların iqtisadi-sosial və mədəni inkişafi dövlət başçısının diqqət və qayğısının nəticəsidir. Daha sonra icra başçısı tədbirin əhəmiyyətindən söz açaraq bildirib ki, belə təqdimatlar hər bir regionun qədim tarixini, ənənələrini, incəsənət nümunələrini daha geniş formada tanıtmağa, nümayiş etdirməyə imkan verir.
Tədbirdə Şəmkirin müasir inkişafını əks etdirən videoçarx nümayiş olunmuş və tədbir konsert proqramı ilə davam etmişdir.

Keçidlər