Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə “Ənənəvi islam dəyərləri və müasirlik” mövzusunda regional konfrans keçirilmişdir.

24 avqust 2015 | 15:00

Avqustun 24 – də Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində “Ənənəvi islam dəyərləri və müasirlik” mövzusunda regional konfrans keçirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Şəmkir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən konfransda qonşu rayonlarından olan dini icmaların rəhbərləri, din xadimləri, ziyalılar və gənclər iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edərək, önünə gül-çiçək dəstələri qoyub, əziz xatirəsini ehtiramla anıblar.
Tədbiri giriş sözü ilə açan Şəmkir rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov konfransın əhəmiyyətini qeyd edərək bu gün islam dəyərlərinin öyrənilməsinin və düzgün təbliğ olunmasının, bu sahədə maarifləndirmə işinin təşkilinin daha da gücləndirilməsinin zəruriliyi, habelə dini icmaların cəmiyyətdə radikalizm meyllərinin qarşısının alınması və sosial məsələlərin həlli prosesinə cəlb edilmələri barədə ətraflı danışıb.Sonra  Alimpaşa Məmmədov dövlət - din münasibətlərindən ətraflı danışaraq bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın öz milli-mənəvi dəyərlərinə qayıdışı sürətlənib. Bu istiqamətdə ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olub. Hazırda Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimizin qorunması və təbliği istiqamətində həyata keçirdiyi tədbirlərdən danışan Alimpaşa Məmmədov bu sahədə qazanılan uğurları diqqətə çatdırıb. 
Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı konfransda çıxış edərək Azərbaycanda ümumbəşəri dəyərlərə malik olan islamın tarixi, milli-mənəvi dəyərlərimizdə yeri, dövlət-din münasibətləri barədə ətraflı danışıb. Geosiyasi maraqların getdikcə şiddətlənərək təhlükəli həddə çatdığını, belə bir şəraitdə dünyada radikalizm meyllərinin güclənməsinin dəhşətli nəticələrə səbəb olduğunu diqqətə çatdıran natiq bu gün bəzi müsəlman ölkələrində baş verən silahlı toqquşmaların məhz bu maraqdan irəli gəldiyini vurğulayıb. Qeyd edib ki, Azərbaycanda da radikalizm meyllərinin güclənməsində maraqlı olan, ölkəmizin uğurlarını gözü götürməyən xarici qüvvələr vardır.

Azərbaycanlıların etiqad etdiyi islam dininin ənənəvi dəyərlərinin təbliğinin prioritet məsələ olduğunu vurğulayan M.Qurbanlı bu sahədə maarifləndirmə işinə daha diqqətlə yanaşılmanın vacibliyini bildirib. Qeyd edib ki, gəncləri radikalizm meyllərindən çəkindirməkdə, bu sahədə onları yad təsirlərdən qorumaqda hər kəsin, xüsusilə din xadimlərinin üzərinə daha məsuliyyətli vəzifələr düşür. Unutmaq olmaz ki, əsrlərin süzgəcindən keçərək müasir dövrümüzədək gəlib çıxan milli-mənəvi, dini adət-ənənələrimizi yaşatmalı, onu insanlara düzgün şəkildə çatdırmalıyıq.
Konfransda Milli Məclisin deputatları Sahibə Qafarova və Məlahət İbrahimqızı çıxış edərək müzakirə olunan mövzunun əhəmiyyətini vurğulayıblar.

 
Keçidlər