Şəmkir rayonunun H.Z.Tağıyev adına Kür qəsəbə 2 saylı tam orta məktəbin şagirdləri ilə "Narkomaniya- Ağ ölümə qarşı mübarizə" mövzusunda maarifləndirici seminar keçirilib.
Seminarda Şəmkir rayon Gənclər və İdman İdarəsinin rəis müavini Elçin Cəfərov, Şəmkir rayon Təcili Tibbi Yardım şöbəsinin əməkdaşı Məryəm Əliyeva, Şəmkir rayon H.Z.Tağıyev adına Kür qəsəbə 2 saylı tam orta məktəbin direktoru Ruhiyyə Rəfiyeva və məktəbin şagirdləri iştirak ediblər.
Tədbirdə çıxış edən Elçin Cəfərov narkomaniyanı əsrin bəlası olduğunu bildirib və Ağ ölümlə mübarizədə gənclər və yeniyetmələr arasında maarifləndirmənin düzgün aparılmasının vacibliyini qeyd edib.
Daha sonra çıxış edən Şəmkir rayon TTY şöbəsinin əməkdaşı Məryəm Əliyeva narkotik vasitələrin insan orqanizminə göstərdiyi mənfi təsirlər və gələcəkdə sağlamlığa törədəcəyi ağır fəsadlar barədə danışıb, yeniyetmə və gəncləri bu zərərli vərdişlərdən uzaq durmağa çağırıb. O, problemin həllində əsas addımlardan birinin təbliğat və maarifləndirmə işinin genişləndirmək olduğunu vurğulayıb.
Çıxış edən Şəmkir rayon Z.Tağıyev adına Kür qəsəbə 2 saylı tam orta məktəbin direktoru Ruhiyyə Rəfiyeva seminarın məqsəd və əhəmiyyətindən danışıb. Zərərli vərdişlərlə mübarizədə bu cür maarifləndirici görüşlərin əhəmiyyətini vurğulayaraq gəncləri sağlam həyat tərzi keçirməyə, faydalı bilik və bacarıqlar öyrənməyə çağırıb.
Sonda məktəbli gənclərimizə narkomaniyanın fəsadlarından bəhs edən videoçarx nümayiş olunub.
.