Şəmkirdə STEAM Mərkəzi istifadəyə verilib
Aprelin 21-də Şəmkir rayonu Kimya-biologiya təmayüllü liseydə STEAM Mərkəzinin açılış mərasimi keçirilib.
Açılış mərasimində təhsil naziri Emin Əmrullayev, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev və digər qonaqlar iştirak ediblər.
Qonaqlar Mərkəzdə şagirdlər üçün yaradılmış şəraitlə tanış olub.
Bildirilib ki, STEAM Mərkəzində təhsilalanların "Robotics", "Art", "Science", CNC və 3D çap, VR, pilotsuz uçuş aparatları (dron) istiqamətləri üzrə fəaliyyət göstərmələri üçün nəzərdə tutulmuş sahələr var.
Şəmkir STEAM Mərkəzi bütün yaş qruplarının istifadəsi üçün nəzərdə tutulub və STEAM məzmununa uyğun lazımi innovativ texnologiyalarla tam təmin olunub. Mərkəzdə yaradılmış imkanlardan sözügedən məktəblə yanaşı, regionun digər məktəblərinin şagird və müəllimləri də istifadə edə biləcəklər. İl ərzində 2500-3000-ə yaxın şagird və tələbənin mərkəzdə müxtəlif modullar üzrə təlimlərdə iştirakı gözlənilir.
Qeyd edək ki, STEAM layihəsinin hər kəsə əlçatanlığının təmin edilməsi, həmçinin bu istiqamətdə xüsusi bilik və bacarıqlara malik təhsilalanların dərsdənkənar fəaliyyətinin həyata keçirilməsi, dünya səviyyəli yarış, müsabiqə və olimpiadalara hazırlığının təşkili məqəsdilə ölkə üzrə müxtəlif regionlarda STEAM Mərkəzləri yaradılmaqdadır.