Sabirkənd şəhidlərinin məzarları ziyarət olundu, kənd sakinləri ilə səyyar qəbul keçirildi.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev bu gün rayonun Sabirkənd kəndində sakinlərlə səyyar qəbul keçirib.
Qəbuldan öncə icra başçısı kəndin şəhidlərinin məzarlarını və şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə gül dəstləri düzüb.
Daha sonra Rəşad Tağıyev rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərlərinin iştirakı ilə kənd sakinləri ilə səyyar qəbul-görüş keçirib.
Rəşad Tağıyev kənd sakinləri qarşısında çıxış edərək Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq Şəmkir rayonunda görülən geniş abadlıq-quruculuq işlərindən və həyata keçirilən irimiqyaslı sosial infrastruktur layihələr barədə sakinlərə ətraflı məlumat verib.
İcra başçısı bildirib ki, bu kimi qəbulların keçirilməsində əsas məqsəd vətəndaş müraciətlərinə həssaslıqla baxılması, qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması və sakinlərin məmnunluğunu təmin etmək üçündür.
Daha sonra sakinlərin fərdi şəkildə arzu və təklifləri dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib.
Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Sabirkənd sakinləri problemlərinin yerindəcə həll olunması məqsədilə keçirilən səyyar qəbulu razılıqla qarşılayıb, göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını çatdırıblar.