Rəşad Tağıyev: "Şəmkirin tarixi abidələri turistlər üçün də cəlbedicidir"
Prezident cənab İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamdan irəli gələn vəzifələrin icrasının həyata keçirilməsi üçün Şəmkir rayonunun turizm imkanlarının genişləndirilməsi, mövcud potensialdan istifadə edərək rayona yerli və xarici turistlərin cəlb olunması istiqamətində məqsədyönlü işlər davam etdirilir.
Bu istiqamətdə rayon rəhbərliyi tərəfindən mütəmadi işgüzar görüşlər keçirilir, turizm potensialı araşdırılaraq yeni layihələr hazırlanır.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev bu dəfə Qədim Şəmkir Şəhəri Dövlət Tarix-Mədəniyyət Qoruğunda olub.
Məlumat üçün bildirək ki, Qədim Şəmkir şəhərinin qalıqları 30 hektar ərazini əhatə edir. Qalanın düşməndən qorunmaq üçün 8 qülləsi və 4 qapısı olub. Məlumata görə saray Əhəməni dövlətinin vaxtında inşa olunub. Qədim qala divarları aran memarlıq üslubunda işlənib. Divarın hündürlüyü 7 metr eni isə təxminən 2 metrdir. Divarın tikintisində istifadə olunan qırmızı kərpiclər elə bu yerdəcə kustar üsulla hazırlanıb. Digər ağ daşlar və çay daşları Şəmkir ərazisindən və Şəmkir çayından toplanıb.
Tikilidən aralıda qədim körpünün qalıqları yerləşir. Təxmin edilir ki, körpünün 10-dan çox aşırımı olub.
Qədim Şəmkiri əhatə edən qala divarlarının iki fərqli rəngdə olması da turistlərin diqqətini çəkir. XI əsrə qədər tikili öz gözəlliyini qorusa da, monqolların hücumu zamanı qala divarları dağıdılır. XIV əsrdə isə qala divarları yenidən bərpa edilir.
Şəmkirin qədim tarixini özündə əks etdirən abidə ilə tanışlıq zamanı icra başçısı bildirib ki, rayonumuzun mövcud turizm potensialının hərəkətə gətirilməsi Şəmkirin sosial-iqtisadi inkişafının yüksəlməsinə, habelə rayonumuzun daha geniş turizm bazarlarına inteqrasiya etməsinə şərait yaradacaq.
Rəşad Tağıyev qeyd edib ki, Şəmkir ölkəmizin turizmin inkişafı üçün geniş imkanlara malik bir yerdir: “Rayonumuzun tarixi abidələri, iqlimi, əsrarəngiz təbiəti turizmin inkişafı üçün çox əlverişlidir. Qədim tarixə və mədəniyyətə malik bu diyarın hər bir guşəsi, xüsusilə də Qədim Şəmkir Şəhəri Dövlət Tarix-Mədəniyyət qoruğu turistlər üçün də cəlbedici məkandır”.