Şriftin ölçüsü :

Saytın rəngi :

Yaponiyanın ölkəmizdəki səfiri Vada Cuniçi Şəmkir rayonuna səfər edib

14 aprel 2022 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev səfir Vada Cuniçini qəbul edib.

Rayon icra hakimiyyətində keçirilən görüşdə icra başçısı Azərbaycanla Yaponiya arasındakı strateji tərəfdaşlıqdan, yaxın dostluq əlaqələrindən və bu əlaqələrin getdikcə daha da dərinləşməsindən danışıb.

Şəmkir rayonunun tarixi, mədəniyyət abidələri, sosial-iqtisadi həyatı barədə ətraflı məlumat verən icra başçısı rayonda reallaşan layihələrdən, görülən işlər haqda məlumat verib.

Rəşad Tağıyev bildirib ki, bu gün Şəmkirdə müasir texnoloji avadanlıqlarla təchiz olunmuş sənaye, kənd təsərrüfatı müəssisələri fəaliyyət göstərir, eyni zamanda yeni istehsal müəssisələri açılır, məktəb binaları, körpələr evi-uşaq bağçaları tikilir.
İcra başçısı eyni zamanda Yaponiya səfirliyinin dəstəyi ilə rayonda icra olunan layihələrə görə səfirə Şəmkir sakinləri adından təşəkkürünü bildirib.

Şəmkir rayonuna baş tutan səfərin əsas məqsədinin rayonla tanışlıq olduğunu bildirən səfir Vada Cuniçi səmimi qəbula görə icra başçısına təşəkkür edib və bildirib ki, belə səfərlər yaxın əlaqələrin, dostluğun daha da möhkəmlənməsində çox əhəmiyyətlidir.

Yaponiya-Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyini xüsusi qeyd edən səfir əlaqələrin getdikcə dərinləşdiyini diqqətə çatdırıb. Səfir “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardım proqramı çərçivəsində Azərbaycanın rayonlarında bir çox layihənin həyata keçirildiyini, belə layihələrdən birinin də Şəmkir rayonunda keçirməyə hazır olduqlarını bildirib.

Daha sonra gələcəkdə icra oluna biləcək layihələr haqqında fikir mübadiləsi aparılıb.

Sonra səfir Şəmkir Heydər Əliyev Mərkəzinə,Tarix Diyarşünaslıq Muzeyinə, Alman Lüteran Kilsəsinə baş çəkib.

Rayonun tarixi və mədəniyyəti ilə yaxından tanış olduqdan sonra səfir Vada Cuniçi Zəyəm Texnologiyalar Parkında, “Az Aqro” MMC-də, Qapanlı kəndində isə istilikxana və bağçılıq təsərrüfatı ilə tanış olub, qonağa ən müasir texnologiyaya əsaslanan istehsal prosesi və məhsulların çeşidləri barədə ətraflı məlumat verilib.

Keçidlər