Şəmkirdə Aprel döyüşlərinə həsr olunmuş “Zəfərə aparan yol – Böyük Qələbənin başlanğıcı” adlı tədbir keçirilib
Şəhid polkovnikin atası: "Nə qədər ki, "Dəmir Yumruq" var bu millət qalib olacaq"
Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Aprel şəhidlərinin xatirəsinə həsr olunmuş “Zəfərə aparan yol – Böyük Qələbənin başlanğıcı” adlı tədbir keçirilib.
Tədbirdən öncə RİH başçısı aparatının struktur rəhbərləri şəhidlərimizin yaşadıqları ərazilərin təhsil işçiləri və kənd sakinləri ilə birlikdə şəhid polkovnik Vüqar Yusifov, şəhid çavuş Təbriz Əsgərov, şəhid əsgər Vüsal Alıyev, şəhid əsgər Altun Dəmirli və şəhid əsgər Nurlan Qasımovun məzarını ziyarət edib, önünə gül dəstləri qoyublar.
Şəmkir Heydər Əliyev Mərkəzində baş tutan anım tədbirində rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Aprel şəhidlərinin ailələri, RİH başçısı aparatının struktur rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış “Zəfərə aparan yol – Böyük Qələbənin başlanğıcı” adlı film təqdim olunub.
Daha sonra Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev çıxış edərək bildirib ki, Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən zəfərimizdir: “Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Aprel döyüşlərinin əhəmiyyəti barədə demişdir: “Ermənilərin uzun illər öz ordusu haqqında yaydıqları mif darmadağın edildi. Azərbaycan əsgəri, zabiti göstərdi ki, kim nəyə qadirdir”.
Aprel döyüşlərinin xalqımız üçün əhəmiyyətindən danışan RİH başçısı bu şanlı tarixə adını yazan şəmkirli gənclərin rolunu da xüsusi vurğulayıb, onların döyüş yolundan, göstərdikləri qəhrəmanlıqlardan danışıb, bütün şəhidlərimizə bir daha allahdan rəhmət diləyib.
Digər natiqlər də Aprel Zəfərinin önəmindən danışıblar.
Sonda şəhid polkovnik Vüqar Yusifovun atası Nürəddin Yusifov çıxış edib.
“Nə qədər ki, millətinə bu qədər dəyər verən Ali Baş Komandan var, nə qədər ki, "Dəmir Yumruq" var bu xalq hər zaman qalib olacaq” deyən Nürəddin Yusifov Aprel şəhidlərinin xatirəsinə göstərilən ehtirama görə prezident cənab İlham Əliyevə və rayon rəhbərliyinə şəhid ailələri adından təşəkkürünü bildirib.