Yasamal aşırımını bir daha çirkləndirməyəcəyiniz üçün TƏŞƏKKÜRÜMÜZÜ bildiririk!
Şəmkir şəhərinin və ətraf ərazilərin, kənd və qəsəbələrin təmiz saxlanılması üçün mütamadi olaraq bütün yaşayış məntəqələrində, magistiral yolların kənarlarında daxili iməcliklər keçirilir, yeni ağaclar əkilir.
Bu dəfə kommunal xidmət əməkdaşları Şəmkir-Gədəbəy yolunun üzərində yerləşən Yasamal aşırımında təmizlik işləri aparıb, yolun kənarlarını tullantılardan təmizləyiblər.
Əziz şəmkirlilər,
Son dövrlər ətraf mühitin çirklənməsi, bəzi ekoloji problemlərin çoxalması hər kəsi narahat etməyə başlayıb. Buna görə də rayonumuzun bütün ərazilərində olduğu kimi Yasamal aşırımının da təmiz saxlanılması üçün mütamadi olaraq təmizlik işləri aparılır.
İnanırıq ki, bütün sakinlərimiz, xüsusilə də sürücülər bundan sonra hər bir qarışı şəmkirlilər üçün əziz olan rayonumuzun bütün ərazilərinin, o cümlədən də Yasamal aşırımının səliqəli, təmiz saxlanması, gözəlliklərin qorunması üçün zibil atmayacaq, ərazilərimizi çirkləndirənlərə qarşı ictimai qınaq formalaşdıracaqlar.
Nəzərə almaq lazımdır ki, təmizliyə riayət edilməsi bizim özümüz üçün vacibdir və bilavasitə bizim özümüzdən asılıdır.