Şəmkirdə təntənəli Novruz şənliyi keçirildi, şəmkirlilər igid oğullarını ayaqüstə alqışlarla qarşıladılar
Ulularımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən Novruz bayramı münasibətilə rayonunda ümumrayon şənliyi keçirilib.
Bayram tədbirində meydan bayramsayağı Novruz atributları ilə bəzədilib, səmənilər, xonçalar düzülüb.
Tədbirdə iştirak edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və qonaqlar əvvəlcə Novruz adət-ənənələri, milli xörəklər, şirniyyatlardan ibarət “Novruz” sərgisi ilə tanış olublar.
Daha sonra ululuq və ağsaqqallıq rəmzi sayılan Dədə Qorqud xeyir-dua verib, bayram münasibəti ilə rayon sakinlərini təbrik edərək yeni ildə ölkəmizə bol ruzi-bərəkət və əminamanlıq arzulayıb.
Tədbirdə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev bütün xalqımızı, şəhid ailələrini, qaziləri və Şəmkir sakinlərini Novruz bayramı münasibətilə təbrik edərək bildirib ki, Novruz bayramı ulu babalarımızın zəngin mənəvi aləmini dolğun təcəssüm etdirir. Bu bayram xalqımızın milli-mənəvi irsini, tarixi kökünü, yaddaşlardan süzülüb gələn ənənələri yaşadan bir bayramdır: “Nə xoş bizə ki, bu bayramı artıq daha coşqulu, daha möhtəşəm qeyd edirik. Çünki Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 30 illik torpaq həsrətinə son qoydu və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik”.
İcra başçısı qeyd edib ki, Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, milli mənəvi dəyərlərimizə son dərəcə bağlı olub ona böyük ehtiramla yanaşan möhtərəm Prezidentimiz cənab İlham Əliyevin hər il dövlət səviyyəsində qeyd olunan Novruz şənliklərində iştirak etməsi, xalqımıza təbrik ünvanlaması bu bayrama olan xalq məhəbbəti ilə yanaşı, dövlət qayğısını da nümayiş etdirir: “Eyni zamanda Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə təbliği istiqamətində yorulmadan apardığı məqsədyönlü iş nəticəsində Novruz YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına salınıb. Bahar bayramının ali bəşəri duyğuların daşıyıcısı olaraq YUNESKO tərəfindən ümumdünya qeyri-maddi mədəni irsinin inciləri sırasına daxil edilməsi hər bir azərbaycanlının qəlbini iftixar hissi ilə doldurur”.
Novruz şənliyində rayon Təhsil Şöbəsinin, mədəniyyət mərkəzinin bədii öz fəaliyyət kollektivinin təqdimatında geniş konsert verilib, Kosa və Keçəl tədbir iştirakçılarında xoş ovqat yaradıb.
Tədbridə qazilərimiz də unudulmayıb. Onları böyük səhnəyə dəvət edəndə isə Şəmkir sakinləri qəhrəman oğullarını ayaqüstə coşqulu alqışlarla qarşılayıblar. Qazailərimizlə tək-tək görüşən Rəşad Tağıyev Azərbaycan xalqına belə xoş bayram əhvalı bəxş edən igid oğulları və onların ailələrini bayram münasibətilə təbrik edib.
Tədbir çərçivəsində rayon Təhsil Şöbəsi tərəfindən qazilərə və N saylı hərbi hissənin əsgərlərinə bayram sovqatları verilib.
Sonra rəmzi tonqal qalanıb.
Əziz şəmkirlilər,
Şəmkir Rayon İcra Hakimiyyəti olaraq bir daha sizlərə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə günbəgün inkişaf edən ölkəmizdə firavan həyat arzulayırıq.
Arzu edirik ki, öz gəlişiylə bu gözəl bayram hər evə, hər ocağa bol ruzi-bərəkət gətirsin və hamınıza yeni sevinclər bəxş eləsin.