Süni qiymət artıranlara SƏRT XƏBƏRDARLIQ- Mütamadi monitorinqlər keçiriləcək
Novruz bayramı ilə əlaqədar əhalinin bir sıra ərzaq mallarına, xüsusilə də un məhsullarına tələbatı artır.
Şəmkir rayonunda bayramqabağı ərzaq məhsullarına tələbatın yüksəlməsi fonunda rayon İcra Hakimiyyətinin, Şəmkir Rayon Polis Şöbəsinin, Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin və Qida Təhlükəsizliyi Agentliyinin Tovuz Regional Bölməsinin əməkdaşlarından ibarət mobil qruplar yerli un və un məhsulları satışı bazarında mövcud vəziyyətdən sui-istifadə hallarının və qiymətlərin əsassız olaraq dəyişilməsinin qarşısının alınması məqsədilə monitorinq keçirib.
Monitorinqdə sahibkarlarla maarifləndirici söhbətlər aparılıb, qiymət manipulyasiyaları və digər qanunvericiliyə zidd hərəkətlərin əlamətləri aşkar edildiyi təqdirdə təxirəsalınmaz sərt addımlar atılacağı bildirilib.
Rayon ərazisində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə, bütün fiziki və hüquqi şəxslərə süni qiymət artımı, məqsədli mal qıtlığının yaradılması, inhisarçılıq və digər qanunsuz hallarına yol verməmək tövsiyə edilib və bu kimi hallara yol verən təxribatçılar, işbazlar barəsində qanunla nəzərdə tutulmuş ən ciddi cəza tədbirlərinin görüləcəyi barədə xəbardarlıq edilib.