Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə şəhid ailələri üçün Novruz şənliyi keçirildi

18 mart 2022 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhid ailələri və övladları üçün Novruz bayramı münasibətilə tədbir keçirilib.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, rayonun hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərlərinin də iştirak etdiyi tədbir dövlət himnimizin səsləndirilməsi ilə başlayıb və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin rəsmi hissəsində çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev şəhid ailələrini Novruz bayramı münasibəti ilə təbrik edərək bildirib ki, Novruz xalqımızın milli-mənəvi irsini təcəssüm etdirən, tarixi kökünü, yaddaşlardan süzülüb gələn ənənələri yaşadan, keçmişimizi və gələcəyimizi bir-biri ilə bağlayan milli bayramdır: Bu bayram artıq daha coşqu, daha möhtəşəm qeyd olunur. Çünki Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 30 illik torpaq həsrətinə 44 günlük "Dəmir yumruq" əməliyyatı ilə son qoydu və artıq bütün bayramları Azərbaycan xalqı qalib millət kimi qeyd edir”.

İcra başçısı bildirib ki, Ulu Öndər Heydər Əliyev demişdi: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm”.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik.

İcra başçısı vurğulayıb ki, Vətənin bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir. Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir. Bu gün baş tutan tədbir şəhidlərimizin əziz xatirəsinə olan dərin hörmət və ehtiramın kiçik bir təzahürüdür.

Daha sonra şəhid ailələri və övladları üçün mədəniyyət işçilərinin, dərnəklərin, məktəb və körpələr evi-uşaq bağçalarının bədii kollektivlərinin ifasında vətənpərvərlik ruhunda mahnılar səsləndirilib, uşaqlar üçün xüsusi əyləncəli proqramlar təqdim olunub.

Bayram tədbirdə Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, döyüş tapşırıqlarını uğurla yerinə yetirərək Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə yüksəlmiş şəmkirli igidlərin ailələrinə medallar təqdim olunub.

Eyni zamanda şəhid ailələrinə və övladlarına bayram sovqatları çatdırılıb.

Tədbir iştirakçıları ölkəmizdə şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya, hərtərəfli dəstəyə görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse - prezident hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Sonda xatirə fotosu çəkilib, şəhid ailələri ilə bayram tonqalı yandırılıb.

Keçidlər