Dəllər qəsəbəsində səyyar qəbul keçirildi
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev bu dəfə Dəllər qəsəbəsində sakinlərlə səyyar görüş keçirib.
RİH-in struktur rəhbərləri, şöbə müdirlərinin, müavinlər, aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərlərinin də iştirak etdiyi görüşdə icra başçısı Prezidenti cənab İlham Əliyev tərəfindən Respublikamızda aparılan sosial-iqtisadi islahatlardan danışaraq, regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən dövlət başçısının hərtərəfli qayğısı sayəsində Şəmkir rayonunda aparılan abadlıq və yenidənqurma işləri haqqında vətəndaşlara məlumat verib.
İcra başçısı bildirib ki, 2021-ci ilin sonunda Şəmkir şəhərinin uzun illərdir yararsız halda olan, istifadəsi mümkünsüz hala gəlmiş 6 küçəsinə yeni asfalt örtüyü çəkidi, kanalizasiya xətləri yeniləndi, su keçidləri və bardürlər quraşdırıldı: "Eyni zamanda şəhərin bütün mərkəzi küçə və prospektlərində təmir-bərpa işləri aparıldı, hasarların, fərdi yaşayış evlərinin fasadlarında bərpa və rənglənmə işləri görüldü. Rayonun Kür qəsəbəsində hündürmərtəbəli binaların dam örtüyü dəyişdirildi, Təzəkənd kəndində isə 2 körpələr evi-uşaq bağçasında təmir-bərpa işləri aparıldı”.
Rəşad Tağıyev qeyd edib ki, bu gün rayonun bütün yaşayış məntəqələrində sakinlərimizi narahat edən problemlərin aradan qaldırılması üçün tədbirlər görülür. Bu işlərin bir parçası olaraq hazırda Seyfəli kəndi və ucqar dağ kəndlərində yararsız hala düşmüş elektrik dirəkləri dəyişdirilir, naqillər yenilənir. Məişət tullantısı problemi rayonumuzda uzun müddətdir müzakirə edilir və tullantıların idarə olunmasının təkmilləşdirilməsi istiqamətində görülən işlər yaxın gələcəkdə bu sahədə nümunəvi şəraitin yaradılacağından xəbər verir.
Eyni zamanda rayon ərazisində yerləşən xüsusi əhəmiyyətli böyük yaşayış məntəqələrini birləşdirən yolların müasir standartlara uyğun qurulması, su problemini kökündən həll etmə üçün qazılan subartezian quyular da görülən işlərin bir parçasıdır.
Rəşad Tağıyev ölkə rəhbəri tərəfindən həyata keçirilən bu tədbirlərin və görülən işlərin bundan sonra da davam etdiriləcəyini, vətəndaşlarımızı narahat edən ən kiçik problemin belə diqqətdən kənarda qalmayacağını vurğulayıb.
Belə görüşlərin əsas məqsədinin sakinlərin problemlərini yerində öyrənmək və onların operativ şəkildə həllinə nail olmaq olduğunu vurğulayan icra başçısı daha sonra fərdi şəkildə müraciət etmək istəyən sakinləri qəbul edib.
Qeyd edək ki, RİH başçısının rayonun kənd və qəsəbələrində səyyar görüşləri davam edir və bütün yaşayış məntəqələrində sakinlərlə yerində görüş keçiriləcəkdir.