Yurdumuz, elimiz-obamız, Şəmkirmiz Bahar bayramının sonuncu çərşənbəsini bayram edir
Bu münasibətlə Şəmkir Rayon İcra Hakimiyyəti və rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə bayram tədbiri keçirilib.
Tədbirdə iştirak edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev bütün xalqımızı, şəmkirliləri, şəhid ailələri və qaziləri, qalib Azərbaycan ordusunu Novruz Bayramının müjdəçisi olan ilaxır çərşənbəsi münasibətilə təbrik edib, xalqımızın zəngin milli-mənəvi dəyərlərini özündə əks etdirən ümumxalq bayramının bütün ailələrə ruzi-bərəkət və firavanlıq gətirməsini arzulayıb.
Müzəffər Ali Baş Komandanımızın və rəşadətli Azərbaycan əsgərinin sayəsində əzəli torpaqlarımızda yenidən bayram tonqallarının yandığını vurğulayan icra 44 günlük Vətən Müharibəsində əldə edilən tarixi zəfərdən və Qarabağımızda qalanan tonqalların xalqımız üçün önmindən danışıb.
Rəşad Tağıyev bildirib ki, torpaq çərşənbəsində halal zəhmətə çağırış, torpağa məhəbbət vardır. Bu çərşənbədə təbiət qış yuxusundan oyanır, torpağın donu açılır, insanların ovqatı təzələnir.
Əslində elə Novruzun özü, torpağın oyanması yeni əkin mövsümünün başlanması ilə səciyyəvidir: “Bu bayramın beynəlxalq status qazanması hər bir azərbaycanlının qəlbində sonsuz sevinc və qürur hissi doğurub. Məlum olduğu kimi, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə təbliği istiqamətində yorulmadan apardığı məqsədyönlü iş nəticəsində Novruz YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına salınıb. Bu bayram hər bir azərbaycanlı üçün əziz bayramlardan biridir. Şəmkir rayonu da bayramı özünəməxsus şəkildə qarşılayır”.
Digər çıxış edənlər də xalqımızı bayram münasibətilə təbrik ediblər.
Tədbirdə iştirak edən qonaqlara mədəniyyət işçilərinin və məktəblilərin ifasında maraqlı səhnəciklər, musiqili proqram təqdim olunub.