Şriftin ölçüsü :

Saytın rəngi :

Rəşad Tağıyev AQSİA nümayəndələrini qəbul edib

14 mart 2022 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva və  təşkilatın üzvlərini qəbul edib.

Rəşad Tağıyev bildirib ki, ölkəmizin hər yerində olduğu kimi Şəmkir rayonunda da sahibkarlığın inkişafına lazımi dəstək göstərilir və ailə sferasında qadın əməyinin əhəmiyyətli dərəcədə yüngülləşdirilməsi, onların kiçik və orta sahibkarlığa cəlb edilməsi rayon İcra Hakimiyyətinin də diqqət mərkəzində saxladığı məsələlərdən biridir: “Çünki bu, dövlətimizin müəyyən etdiyi siyasətin tərkib hissəsidir. Şəmkirdə də qadınların kiçik və orta sahibkarlıqla məşğul olması üçün tədbirlər həyata keçirilir. Qadınların sahibkarlıq sahəsində iştirakçılığının artması önəmli vəzifələrdən biridir. Şəmkir xanımları da bütün sahələrdə ictimai fəallığını nümayiş etdirirlər”.

AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva icra başçısına təşəkkür edib və təşkilat, Şəmkirdə baş tutacaq tədbir haqqında məlumat verib: “Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası İqtisadiyyat Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi, ölkədə fəaliyyət göstərən qadın sahibkarların təşəbbüsü ilə təsis olunub. Qısa müddət ərzində assosiasiya böyük nailiyyətlər əldə edib, daxili və xarici əlaqələrini genişləndirib və hazırda sahibkar qadınlarla birgə ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edir”.

İdarə Heyətinin sədri bildirib ki, Şəmkirdə keçirilən tədbirin məqsədi regionda fəaliyyət göstərən kiçik və orta sahibkarlıqla məşğul olan sahibkar qadınları bir araya gətirmək, onların inkişafına, yerli və dünya arenasına çıxmalarına dəstək verməkdir.

Görüşdən sonra Şəmkir Heydər Əliyev Mərkəzində Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının təşkilatçılığı ilə "Regionda qadın sahibkarlar üçün yeni fürsətlər və şəbəkələşmənin genişləndirilməsi” mövzusunda konfrans təşkil olunub.

Konfrans çərçivəsində regiondan olan qadın sahibkarlara peşəkar təlimçilər tərəfindən biznes bacarıqları və bizneslərin praktikiliyi üzrə məlumatlar verilib, video materiallar təqdim olunub.

Tədbirin sonunda Şəmkir Heydər Əliyev Mərkəzində xanımların əl işlərindın ibarət sərgi təqdim olunub.

Keçidlər