Rəşad Tağıyev növbəti təsərrüfata baş çəkib, görülən işlərlə tanış olub
Şəmkirdə fermerlərin, sahibkarların qayğılarının, təklif və istəklərinin öyrənilməsi, aqrar sektorun inkişafı ilə bağlı tədbirlər davam etdirilir.
Bu məqsədlə rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev mütəmadi olaraq sahibkarlar, fermerlərlə görüşlər keçirir, onların gördüyü işlər və qarşılaşdıqları problemlərlə yerində maraqlanır.
Bu dəfə icra başçısı Sakit Şahbazovun istilikxana təsərrüfatında olub.
Rəşad Tağıyev kənd təsərrüfatının inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən danışıb, torpaqlardan səmərəli istifadə edilməsinin, ərzaq idxalının azaldılması istiqamətində ciddi işlərin aparılmasının önəmini vurğulayıb.
Sahibkar Sakit Şahbazov təsərrüfatı barədə məlumat verərək bildirib ki, ölkəmizdə kənd təsərrüfatına göstərilən dövlət dəstəyindən yararlanaraq üç hektar ərazidə müasir istilikxana kompleksi qurub: "İstilikxanalarımızda ancaq çəhrayı pomidor becəririk. Məhsullarımız əsasən Rusiya Federasiyasına və yerli bazarlara çıxarılır”.
Sahibkar qeyd edib ki, təsərrüfatlarında olan istilikxanalar İspaniya üsulu ilə və oradan gətirilmiş avadanlıqlarla müasir standartlara uyğun qurulub: “Əkində istifadə olunan kokobit də İspaniyadan gətirilib. Şitillərin münbit torpaqda və optimal müddətdə əkilməsi, eləcə də bitkilərin normal sıxlıqda yerləşdirilməsi və onlara vegetasiya dövründə yaxşı qulluq edilməsi istixanada yüksək məhsuldarlıq əldə etməyimizə səbəb olur”.