Rəşad Tağıyev bu dəfə Yuxarı Seyfəli kənd sakinləri ilə səyyar qəbul keçirdi
Vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması üçün Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev hər həftə rayon sakinlərini fərdi qəbul edir, onların təklif və problemlərini dinləyir, qəbullarla yanaşı mövcud problemləri yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə səyyar qəbullar keçirir.
Rəşad Tağıyev bu dəfə rayonun ən böyük kəndlərindən olan Yuxarı Seyfəli kəndinin sakinlərini səyyar qəbul edib.
Qəbuldan öncə icra başçısı Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq Şəmkir rayonunda görülən geniş abadlıq-quruculuq işlərindən və həyata keçirilən irimiqyaslı sosial infrastruktur layihələr barədə sakinlərə ətraflı məlumat verib.
Rəşad Tağıyev bildirib ki, bütün bu tədbirlər əhalinin rahatlığının təminatına və güzəranının yaxşılaşdırılmasına xidmət edir. O, görülən bu məqsədyönlü işlərin davamlı olacağını vurğulayıb.
Daha sonra sakinlərin arzu və təklifləri dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib.
Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Rayon İcra Hakimiyyəti başçısı aparatının, təhsil, səhiyyə və xidmət təşkilatlarının rəhbər işçilərinin iştirakı ilə keçən səyyar qəbulu sakinlər razılıqla qarşılayıb, göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını çatdırıblar.