Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir rayonunda vətəndaşlara ödənişsiz hüquqi yardım aksiyası keçirilib

05 mart 2022 | 16:00

.

Martın 5-də Şəmkir rayonunda Milli Məclisin sədri, 98 saylı Şəmkir şəhər seçki dairəsindən deputat Sahibə Qafarovanın təşəbbüsü ilə vətəndaşlara hüquqi yardım aksiyası keçirilib.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri tərəfindən rayon sakinlərinə ödənişsiz hüquqi yardımın göstərildiyi aksiyanın açılış tədbirində çıxış edən spiker Sahibə Qafarova tədbir iştirakçılarını salamlayaraq, əvvəlcə ölkəmizdə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlar və onların uğurlu nəticələri barədə danışıb.

Milli Məclisin sədri bildirib ki, Azərbaycanda Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan sosial-iqtisadi inkişaf strategiyası həyatın bütün sahələrində geniş uğurların əldə olunmasını təmin etmişdir: "Görülən məqsədyönlü tədbirlər nəticəsində ölkəmizin dinamik inkişafı qorunur, vətəndaşların  sosial müdafiəsi, rifah halının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu inkişaf meylləri regionlarda da özünü aydın şəkildə göstərir. Əvvəllər seçicilərin müraciətlərində əksini tapan bir sıra məsələlər artıq öz həllini tapmışdır".

Sahibə Qafarova bildirib ki, Milli Məclisin deputatlarının başlıca vəzifələrindən biri seçiciləri narahat edən məsələləri dövlət qurumları qarşısında qaldırmaq, onların həllinə dəstək verməkdir. Spiker, ötən dövrdə seçicilərin müraciətlərində yer almış və onun müraciəti əsasında müvafiq dövlət qurumları tərəfindən həll edilmiş məsələlər, həmçinin, Milli Məclis sədrinin təşəbbüsü ilə həyata keçirilmiş sosial, humanitar layihələr barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Sahibə Qafarova daha sonra bugünkü aksiya barədə məlumat verərək bildirib ki, Azərbaycan müasir, demokratik, hüquqi dövlət kimi, fundamental hüquq və azadlıqların səmərəli müdafiəsinin təmin olunmasını özünün əsas prioriteti elan edib: "Bu istiqamətdə möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar ölkəmizdə hüquq sisteminin modernləşməsini və inkişafını təmin etmişdir. Azərbaycan dövləti hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verir. Bununla belə, seçici müraciətlərində qaldırılan bir sıra məsələləri araşdıranda məlum olur ki, bu problemlər daha çox vətəndaşın həmin məsələ ilə bağlı lazımi qədər məlumata malik olmamasından irəli gəlir. Xüsusilə, hüquqi məsələlərlə əlaqədar olan müraciətlərin bir çoxunda bu tendensiya müşahidə olunur".

Milli Məclisin sədri seçicilərə hüquqi yardım göstərilməsi ilə bağlı tədbirlərin keçirilməsinin bu məsələlərin həllinə dəstək olacağını bildirib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov bu kimi aksiyaların keçirilməsinin əhəmiyyətini qeyd edərək, aksiyanın təşkilinə görə Milli Məclis sədrinə minnətdarlığını bildirib.

A.Bağırov bildirib ki, Prezident cənab İlham Əliyevin 22 fevral 2018-ci il tarixli "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamına əsasən görülən işlər ölkəmizdə vəkillik insititutunun inkişafına mühüm təkan verir. O, bu Sərəncamdan irəli gələrək aztəminatlı ailələrə ödənişsiz hüquqi yardım göstərilməsi məqsədilə müxtəlif addımlar atıldığını xatırladıb. Bu cür ödənişsiz hüquqi yardımın həyata keçirilməsində Vəkillər Kollegiyasının üzvləri fəal iştirak edirlər: "Bu aksiyada da Kollegiyanın üzvləri, təcrübəli hüquqşünaslar seçicilərin suallarını cavablandıracaq, onlara hüquqi yardım göstərəcəklər".

Qeyd edək ki, aksiyada Milli Məclisin deputatları Nizami Səfərov, Kamran Bayramov və Nurlan Həsənov da iştirak ediblər.

Aksiya zamanı  Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri fərdi qaydada hər bir seçicinin müraciətini dinləyərək, onlara hüquqi yardım göstəriblər.

Keçidlər