Rəşad Tağıyev: “Su ehtiyatlarından səmərəli istifadə edilməli, itkiyə yol verilməməlidir”
Respublikamızda su təhlükəsizliyi strateji əhəmiyyətli məsələ olaraq, ərzaq təhlükəsizliyinin əsas şərtlərindən biridir. Buna görə də ölkəmizdə aqrar layihələrin və proqramların həyata keçirilməsində bu amil önəmli rol oynayır.
Azərbaycanda il ərzində suyun 60-70 faizi kənd təsərrüfatının, 20-25 faizi sənayenin, qalan hissəsi isə təsərrüfat və içməli su tələbatının ödənilməsinə sərf edilir. Bu isə su ehtiyatlarının gücləndirilməsi və ondan səmərəli istifadənin diqqət mərkəzində saxlanılması zərurətini önə çəkir.
Bütün bunları nəzərə alaraq Şəmkir rayonunda mövcud su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, suvarma suyunun əhaliyə qrafikə uyğun, ədalətli bölgü və növbəlilik prinsipi əsasında verilməsini təşkil etmək, bu sahədə qanun pozuntularının qanunvericiliyə uyğun qarşısının alınması məqsədilə yaradılmış Operativ Qərargahın tərkibbində dəyişiklik edilib və yeni tərkibdə ilk iclas keçirilib.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyevin rəhbərliyi ilə keçirilən iclasda son dövürlər havaların quraq keçməsinə görə çaylarda, yeraltı mənbəndələrdə suyun həcminin kəskin azalması səbəbindən əkin və digər torpaq sahələrinin suvarılmasında yaranan çətinliklər müzakirə olunub.
Rəşad Tağıyev qeyd edib ki, suyun az olması istənilən qədər torpaqlardan istifadə etməyə imkan vermir. Odur ki, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Operativ Qərargah yaradılmışdır.
İcra başçısı bildirib ki, dünyada baş verən iqlim dəyişmələri və orta temperaturun yüksəlməsi yerüstü su ehtiyatlarının, eləcə də çaylarda sululuğun və yağıntıların azalması su qıtlığı yaranmasın əsas səbəblərindəndir. Digər tərəfdən, ölkədə kənd təsərrüfatı ildən-ilə inkişaf edir, əkin sahələri genişləndirilir. Beləliklə, suvarma suyuna tələbat artır. Eyni zamanda yeni içməli su təchizatı şəbəkələri yaradılır.
Sonda Qərargaha su təsərrüfatı üzrə idarəetmədə sahələrarası koordinasiyanın zəif, sudan istifadədə isə itkilərin yüksək olması kimi problemlərin həlli istiqamətində tədbirlərin görülməsi tapşırılıb.
Eyni zamanda Operativ Qərargahın tərkibində bu sahədə yaranan problemlərin araşdırılması və aradan qaldırılması üçün aidiyyəti təşkilatların nümayəndələrindən ibarət İşçi Qrupu yaradılıb və onlara 3 gün ərzində mövcud vəziyyətin təhlil olunması, bu sahə üzrə cari ilin iş planının hazırlanıb təqdim olunması tapşırıldı.