Şriftin ölçüsü :

Saytın rəngi :

Rəşad Tağıyev: “Şəmkir Aqropark” xarici bazarlara sabit və etibarlı çıxışın təmin edilməsinə dəstək olur”

24 fevral 2022 | 16:00

“Şəmkir Aqropark” MMC Cənubi Qafqazda ilk "Aqropark" formatlı kənd təsərrüfatı layihəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 aprel 2014-cü il tarixli, "Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı"ndan irəli gələn aqroparkların yaradılması ilə bağlı göstərişə əsasən 15.11.2014 tarixində ölkə başçısının Şəmkir şəhərinə səfəri zamanı Şəmkir Aqropark logistika mərkəzinin təməli qoyulub.

20.08.2017-ci ildə isə Prezident cənab İlham Əliyevin iştirakı ilə “Şəmkir Aqropark”ın Logistika Mərkəzinin açılışı baş tutub.

"Şəmkir Aqropark"ın fəaliyyəti müasir istehsal, logistika və satış texnologiyalarına əsaslanır və kompleks beynəlxalq formatda fəaliyyət göstərmək üçün nəzərdə tutulmuş biznes layihəsidir.

Bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev "Şəmkir Aqropark"ın Logistika Mərkəzində yaradılmış şərait və fəaliyyət istiqamətləri ilə tanış olub.

Müəssisənin idarə heyətinin sədri Böyükağa Mustafayev icra başçısına məlumat verərək bildirib ki, Aqroparkın ümumi ərazisi 558,8 hektar təşkil edir. Aqroparkda 1-ci mərhələ üzrə nəzərdə tutulan işlər artıq yekunlaşaraq ərazidə Logistik Mərkəz, Bir Pəncərə Kompleksi, TIR parkı, avtodayanacaq, helikopter meydançası və laboratoriya yaradılmışdır. “Logistika Mərkəzinin ərazisi 12,3 hektardır. Burada Fransanın tanınmış şirkətlərindən birinin meyvələri ölçüsünə, rənginə, zədəliyinə görə çeşidləyən və qablaşdıran avadanlıqları quraşdırılıb. İri ölçülü meyvələri çeşidləyən avadanlıqların gücü saatda 50 ton, kiçik ölçülü meyvələri çeşidləyən avadanlıqların gücü isə saatda 2 tondur. İstehsal sahəsində eyni zamanda 200 ton məhsul qəbul edə biləcək 2 terminal, 120 ton hazır məhsulu yola sala bilən 1 terminal mövcuddur. Logistika Mərkəzində meyvə və tərəvəzlərin çeşidlənməsi, qablaşdırılması və soyuducu kameralarda saxlanılması müasir standartlara uyğun olmaqla mühüm texnoloji proseslərdən keçirilərək aparılır”.

İdarə heyətinin sədri bildirib ki, İtaliyanın aparıcı şirkətlərindən birinin istehsalı olan 71 ədəd ULO tipli soyuducu kameralarda 12000 tona qədər meyvə-tərəvəz saxlamaq mümkündür. Soyuducu depolarda meyvə və tərəvəzin növlərinə görə 20 gündən 240 günə qədər minimum itki və keyfiyyətlə saxlanılması təmin olunur. Regionda fəaliyyət göstərən iş adamları bizdən soyuducu anbarları müqavilə əsasında müəyyən müddətdə icarəyə götürürlər, həmin müddətdə öz məhsullarını soyuducularda saxlayırlar və vaxtı çatanda soyuducudan çıxararaq müxtəlif ölkələrə ixrac edirlər: "Əkinçilik təsərrüfatlarının yaradılması məqsədilə 29,60 ha ərazidə armud, badam, böyürtkən, ərik, gavalı, gilas, heyva, nektarin və xurma meyvə bağları salınmışdır. 62 ha torpaq sahəsində yeni xurma bağlarının salınması və mövcüd bağların ərazisinin artırılması planlaşdırılır və bu məqsədlə 80 min ədəd xurma və 6000 ədəd müxtəlif (armud, gavalı, heyva) tinglərinin sifarişi verilib. Yeni salınacaq 62 ha ərazidə əkiləcək tingləri sulamaq üçün müasir damlama suvarma sisteminin qurulması işləri artıq başa çatdırılmışdır".

Müəssisəyə baxış zamanı bildirilib ki, Aqroparkda həyata keçirilən bütün bu işlər ölkəmizdə kənd təsərrüfatının ümumi daxili məhsulda pay nisbətini artırmağa, əhalini yerli keyfiyyətli məhsullarla təmin etməyə yönəlib: ““Şəmkir Aqropark”ın Logistika Mərkəzi tam gücü ilə fəaliyyət göstərəndə burada 300 nəfərin işləməsi nəzərdə tutulur. Hazırda mərkəzdə 102 nəfər daimi işlə təmin edilib mövsümdə isə 20 nəfər əlavə işçi götürlür”.

Sonda Rəşad Tağıyev bildirib ki, rayonumuzda belə arqoparkın yaradılması, ölkəmizin ixrac potensialının artırılmasında və coğrafiyasının genişləndirilməsində, milli brendlərin yaradılmasında, kiçik və orta fermerlərin innovativ qabiliyyətinin artırılmasında, istehsalçı, emalçı və istehlakçı arasında inteqrasiya münasibətlərinin formalaşmasında, yüksək məhsuldarlığın əldə olunmasında, aqrar sahədə ixtisaslı kadrların hazırlanmasında və yeni iş yerlərinin açılmasında əhəmiyyətli rola malikdir: “Eyni zamanda “Şəmkir Aqropark” xarici bazarlara sabit və etibarlı çıxışın təmin edilməsinə dəstək olur”.

Keçidlər