YENİ ELEKTRON SİSTEM-“Rəqəmsal icra hakimiyyəti portalı”dan hansı xidmətlərdən istifadə edə bilərsiniz?
Rəqəmsal icra hakimiyyəti” portalı – rih.gov.az qərar qəbuletmə prosesində çevikliyin artırılması, rəqəmsal savadlılıq səviyyəsinin yüksəldilməsi, vahid məkandan xidmətlərə çıxışın təmin edilməsi, vətəndaşların vaxtına qənaət edilməsi, müraciət prosesinin asanlaşdırılması, habelə yerli icra hakimiyyətlərinin fəaliyyətində çeviklik və səmərəliliyin təmin edilməsinə hədəflənib.
“Rəqəmsal icra hakimiyyəti” portalı icra hakimiyyətləri tərəfindən göstərilən bir sıra xidmətləri rəqəmsal formatda vətəndaşlara təqdim edir, habelə icra hakimiyyətlərinə görüş üçün elektron formatda müraciət və aktual mövzular haqqında sorğular formalaşdırmaq imkanı yaradır.
“Rəqəmsal icra hakimiyyəti” portalının xidmətlər bölməsində vətəndaşlara 12 elektron xidmət təqdim olunur. Bu xidmətlərdən 9-u yerli icra hakimiyyətlərinin vətəndaşlara göstərdikləri dövlət xidmətləridir. Bu xidmətlərdən istifadə etmək üçün vətəndaşlar tələb olunan sənədlər əsasında məlumatları təqdim etməklə müraciət edə bilərlər. Vətəndaşların bəzi fərdi məlumatları avtomatik şəkildə portal vasitəsilə əldə olunur. Bu isə öz növbəsində vətəndaşların vaxtına və resurslarına qənaət edir.
“E-iştirakçılıq” bölməsi vasitəsilə vətəndaşlar ictimai aktual mövzularla bağlı icra hakimiyyətinə müraciət göndərə bilərlər. Vətəndaş “E-iştirakçılıq“ bölməsinə keçid etməklə, Yerli icra hakimiyyətini, daha sonra müraciətin istiqamətini seçməklə Yeni Müraciət” yaratmaq imkanına malikdir. Müraciət Yerli icra hakimiyyəti orqanları tərəfindən təsdiq olunduqdan sonra sorğu portalın “E-iştirakçılıq” bölməsində digər vətəndaşların səs verməsi üçün yaradılır. Səs vermə anonim qaydada aparılır və nəticəsi portalda hər kəslə açıq şəkildə paylaşılır. Eyni zamanda, Yerli icra hakimiyyəti orqanları da həyata keçirilməsi planlaşdırılan layihələr və yeniliklər barəsində vətəndaşların fikir və münasibətlərini bu modul vasitəsilə əldə etmək imkanına malikdirlər.
“Vətəndaş Qəbulu” modulu Yerli icra hakimiyyəti orqanlarında görüş üçün onlayn müraciət etmək imkanını yaradır. Vətəndaşlar yerində qəbula müraciət etdikdən sonra müraciət müvafiq icra hakimiyyəti tərəfindən baxılır. Daha sonra vətəndaşın şəxsi kabinetində görüşün vaxtı və görüşüləcək şəxs barədə məlumat yerləşdirilir.
“Məlumatlandırma” bölməsi vasitəsilə vətəndaşlar Yerli icra hakimiyyəti orqanları tərəfindən görülən işlər haqqında məlumat əldə edə bilərlər.