Xocalı soyqırımına həsr olunmuş turnirin qalibləri müəyyənləşdi
Şəmkirdə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş futbol turnirinə yekun vurulub.
Şəmkir Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışda Uşaq Gənclər İdman Məktəbinin 12 komandası iki qrupda mübarizə aparıb.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev final mərhələsinin oyunlarını izləyib.
Birincilik uğrunda “Mahmudlu” və “Kür” komandaları mübarizə aparıb və 3:2 hesablı qələbə ilə “Mahmudlu” futbolçuları turnirin qalibi olub.
Üçüncülük uğrunda isə “Şəmkir” və “Zirvə” komandaları güclünü müəyyən ediblər. 8:2 hesablı qələbə qazanan “Zirvə” turnirin üçüncüsü olub.
"İdeal Arena"da keçirilən turnirin qaliblərinə kubok, diplom və sertifikatları Şəmkir RİH başçısı təqdim edib.
Rəşad Tağıyev çıxış edərək ermənilər tərəfindən Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırım haqqında idmançılara geniş məlumat verib.
Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə tarixi Zəfər qazandığımız 44 günlük Vətən müharibəsində Xocalı qurbanlarının rəşadətli Azərbaycan əsgəri tərəfindən qisasının alındığını bildirən icra başçısı bu gün onların ruhunun şad olduğuna əminliyini ifadə edib. O, tarixi ədalətin bərpa olunduğunu və əzəli torpaqlarımızda quruculuq işlərinə başlanıldığını diqqətə çatdırıb.
Xocalı həqiqətlərinin, qanlı faciənin uşaqlara çatdırılması baxımından tədbirin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan Rəşad Tağıyev Gənclər və İdman İdarəsinin bu təşəbbüsünü yüksək qiymətləndirib.