Şriftin ölçüsü :

Saytın rəngi :

Sabahdan 3-cü dozanı vurdurmayanlar bu yerlərə buraxılmayacaq

14 fevral 2022 | 16:00

Məlum olduğu kimi, COVID-19 virusunun yeni və sürətlə yayılan təhlükəli variantlarının yarada biləcəyi ağırlaşma hallarından qorunmağın ən effektiv yolu vaksinasiyadır.

Hazırda “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam edir. Əhalinin vaksinasiyada aktiv iştirakı nəticəsində Azərbaycanda epidemioloji vəziyyətin sabit qalmasına nail olunub.

Fevralın 15-dən COVID-19 vaksininin 2-ci dozasının üzərindən 6 aydan çox vaxt keçən şəxslərin “Peyvənd sertifikatı” etibarlı hesab edilməyəcək.

Beləliklə sabahdan etibarən yaşı 18-dən yuxarı olan həmin vətəndaşların bir çox məkanlara girişinə məhdudiyyət qoyulacaq.

Həmin məkanların siyahısını təqdim edirik:
1. ictimai iaşə müəssisələri (kafe, restoran və s.)
2. mehmanxanalar
3. iri ticarət mərkəzləri
4. idman və sağlamlıq-bərpa obyektləri
5. Toy və ya digər şənliklər
6. Ali təhsil müəssisələri və kolleclər

Həmin tarixdən etibarən yaşı 18-dən yuxarı olan şəxslər qeyd edilən məkanlara yalnız qüvvədə olan COVID-19 vaksin pasportu, immunitet, yaxud əks-göstəriş sertifikatı ilə buraxılacaq.

Bundan başqa, bu tarixdən etibarən dövlət qurumlarında, həmçinin digər iş və xidmət sahələrində çalışan işçilərin vaksin pasportunun, immunitet və ya əks-göstəriş sertifikatının olması tələb ediləcək.

Koronavirus infeksiyasının kütləvi yayılmasının və onun ağır fəsadlarının qarşısının alınması məqsədilə Şəmkir RİH, Şəmkir  Rayon Gənclər İdman İdarəsi və Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonda fəaliyyət göstərən qapalı məkanlarda, həmçinin, ictimai nəqliyyatda - taksi, avtobuslarda sakinlər və sərnişinlərlə maarifləndirici söhbətlər aparılıb, yeni qaydalar onlara izah olunub. 

Hərəkət iştirakçılarının diqqətinə çatdırılıb ki, hər bir şəxs sosial məsuliyyət çərçivəsində tətbiq edilən qaydalara qeyd-şərtsiz əməl etməli, mövcud tələbləri anlayışla qarşılamalıdır. Bütün bu tədbirlərin onların sağlamlığının qorunması məqsədilə həyata keçirildiyi bir daha həmin şəxslərin diqqətinə çatdırılıb.

Qeyd edək ki, bu gündən Şəmkirdə fəaliyyət göstərən ictimai iaşə obyektlərində bu istiqamətdə mütamadi monitorinqlər keçiriləcək.

Keçidlər