Şəmkirin turizm imkanları və bu istiqamətdə yeni layihələr müzakirə olunub
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev rayonun turizm potensialının imkanları barədə görüş keçirib.
Görüşdə RİH əməkdaşları, Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun qərb regional strukturu olan Gəncə Turizm İnformasiya Mərkəzi və Destinasiya Menecmenti Təşkilatının direktoru Zaur Bayramov, müavini Fariz Qarayev iştirak ediblər.
Rəşad Tağıyev Prezident cənab İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamdan irəli gələn vəzifələrdən danışıb, bildirib ki, Sərəncam ölkəmizdə turizmin inkişafı ilə bağlı qarşıya yeni məqsəd və vəzifələr qoyur.
İcra başçısı vurğulayıb ki, ölkə başçısının diqqət və qayğısı sayəsində turizm sahəsində aparılan islahatlar artıq intensiv xarakter alıb. Bu tədbirlərin ölkə üzrə balanslaşdırılmış şəkildə həyata keçirilməsi, mövcud potensialın hərəkətə gətirilməsi regionların sosial-iqtisadi inkişafının yüksəlməsinə, habelə Azərbaycanın daha geniş turizm bazarlarına inteqrasiya etməsinə şərait yaradır.
Rəşad Tağıyev rayonumuzun turizm potensialından söz açaraq qeyd edib ki, Şəmkir ölkəmizin turizmin inkişafı üçün geniş imkanlara malik təbiətə, mineral xammal ehtiyatları, əlverişli iqlim şəraiti olan rayonlarındandır. Rayonun iqlimi, əsrarəngiz təbiəti turizmin inkişafı, ilboyu fəaliyyət göstərən istirahət və turizm mərkəzlərinin yaradılması üçün çox əlverişlidir. Qədim tarixə və mədəniyyətə malik bu diyarın hər bir guşəsi turistlər üçün əsl istirahət məkanıdır. Qədim yaşayış məskənlərindən olan bu ərazi tarixi abidələri ilə də diqqəti cəlb edir: “Rayonumuzda turistlərin gəzib görə biləcəyi çox yerlər var. Əsasən də əcnəbi səyahətsevərləri rayonda qorunan alman irsi maraqlandırır, bu məkanlar onlar üçün çox cəlbedicidir. Müasir Şəmkir şəhəri də alman koloniyası Annenfeldin əsasında salınıb. Almanlar 1941-ci ildə Şəmkirdən sürgün edilsələr də, şəhərin mərkəzi bu gün də bənzərsiz alman atmosferini qoruyub saxlaya bilib. Orijinal alman evlərinin yerləşdiyi uzun düz küçələr, tarixi 1909-cu ildən başlayan Lüteran kilsəsi, alman parkları bunu sübut edir”.
Daha sonra qonaqlarla rayonun turizm imkanları barədə müxtəlif layihələrlə bağlı müvafiq fikir və təkliflər müzakirə edilib.