İcra başçısı inzibati ərazi dairəsi üzrə nümayəndələrə ciddi tapşırıqlar verdi
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev inzibati ərazi dairəsi üzrə nümayəndələr və bələdiyyə sədrlərinin iştirakı ilə iclas keçirib.
İclasda 2022-ci ilədə görüləcək işlər, qarşıya qoyulan məqsədlər müzakirə edilib, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə təsərrüfatbaşına kitabların elektron qaydada işlənməsi, görüləcək işlərlə bağlı iş planlarının tutulması və yaşayış məntəqlərinin sosial-iqtisadi inkişafı ilə bağlı layihələrin vaxtında icra olunmasının vacibliyi qeyd edilib.
Rayon ərazisində bir sıra problemlərin olduğunu vurğulayan Rəşad Tağıyev müvafiq ərazidə yerləşən abidələrin nəzarətdə saxlanılması və mütəmadi təmizlik işlərinin aparılması, məişət tullantıları üçün xüsusi yerlərin ayrılması və bu işə nəzarət edilməsi, daxili yolların düzəldilməsi və abadlaşdırılması istiqamətində də ciddi tapşırıqlar verib.
Prezident cənab İlham Əliyevin qarşıya qoyduğu əsas vəzifələrdən birinin vətəndaş məmnunluğunun təmin edilməsi olduğunu bildirən RİH başçısı vətəndaş-məmur münasibətlərinin günün tələblərinə uyğun qurulması, vətəndaş məmnunluğunun təmin edilməsi, xüsusilə də şəhid ailələri və qazilərin mütəmadi diqqətdə saxlanılması, onlara göstərilən qayğının daha da artırılmasının və Vətənin azadlığı uğrunda canını fəda edən qəhrəmanların ailələrinin problemlərinə diqqət göstərilməsinin vacibliyini diqqətə çatdırıb.
İclasda icra başçısının qəbulunda olan və ərizə ilə müraciət edən sakinlərin yaşayış məntəqələri üzrə qaldırdıqları problemlər də müzakirə olunub və Rəşad Tağıyev kənd və qəsəbələrdə olan problemlərin tezliklə aradan qaldırılmasını və icra nümayəndələrinin ən qısa zamanda işlərində dönüş yaratmasını tapşırıb.
Tədbirin sonunda Şəmkir Rayon İcra Hakmiyyəti başçısı qış mövsümü ilə əlaqədar yerlərdə tədbirlərin gücləndirilməsi, elektrik enerjisi və əhalinin qaz təchizatı ilə bağlı sakinlərin problemlərinin həlli istiqamətində aidiyyəti təşkilatlarla bir yerdə tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.