Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə şəhid Etibar Cəfərov və Murad Xəlilovun xatirəsi əbədiləşdirilib

26 yanvar 2022 | 16:00

Vətən müharibəsində qəhərəmancasına şəhid olan Etibar Cəfərov və  noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhadətə ucalan Murad Xəlilovun xatirəsi Şəmkir rayonunda əbədiləşdirilib.

Açılış mərasimlərində Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, RİH əməkdaşları, şəhid ailələri, qazilər, hərbiçilər və müharibə iştirakçıları, şəhidlərin yaxınları iştirak ediblər.

Pandemiya qaydalarına uyğun təşkil olunan tədbirdə ilk olaraq vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Abidə komplekslərinin önünə gül dəstələri düzülüb.

RİH başçısı Rəşad Tağıyev abidənin inşasında əməyi keçən hər kəsə öz təşəkkürünü bildirərək 44 günlük Vətən müharibəsində Azərbaycanın qətiyyətli mövqeyindən, xalqımızın məğrurluğundan, yenilməzliyindən, torpağa bağlılığı və Vətən sevgisindən danışıb.

İcra başçısı bildirib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan ordusunun “Vətən” deyib irəli atılması və şanlı Zəfər Tariximizi yazması Haqqın və ədalətin bərpa olunması zərurətindən doğan tarixi qərar idi: "Çünki erməni qəsbkarlarının əzəli torpaqlarımıza göz dikməsi, 200 ildın artıq davam edirdi və bu düşmənçilik millətin artıq səbrini tükəndirmişdi. Prezident Cənab İlham Əliyevin ölkəmizə rəhbərliyi ərzində yetişən gənclər torpaqlarımızın işğaldan azad olunmasında əsas rol oynadılar.

Ali Baş Komandanın rəhbərliyi ilə aparılan Vətən müharibəsində əsas vəzifəni yerinə yetirən gənc nəsil arasında Şəmkir gəncləri də oldu".

Şəhid ailələri ilə söhbətində Rəşad Tağıyev bildirib ki, müharibələrdə böyük qələbələrin əsasında duran ən başlıca amil xalq-dövlət-ordu birliyinin sarsılmaz vəhdətinin təmin olunmasıdır. İkinci Qarabağ müharibəsi dünya azərbaycanlılarının birliyinin sarsılmazlığını, xalqımızın Vətən torpaqlarının azad edilməsi naminə “Dəmir yumruq” kimi birləşdiyini nümayiş etdirdi.

Tədbirdə çıxış edənlər Azərbaycan ordusunun qüdrətindən, hərbiçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordunun birliyindən bəhs ediblər. Həmçinin qeyd edilib ki, Şanlı Zəfər tarixini yazan Vətən oğulları bütün Azərbaycan xalqının hər zaman qəlbində yaşayacaq.

Tədbirdə məktəblilərin ifasında Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib.

Şəhid ailələri və qazilər çıxışlarında şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Torpaqlarımızı erməni tapdağından azad edərkən şəhid olmuş bütün qəhrəman övladlarımıza Allahdan rəhmət diləyirik!

Keçidlər