Şəmkirdə “Azərbaycan son 18 ildə” adlı tədbir keçirilib
Dekabrın 23-də Şəmkir Heydər Əliyev Mərkəzində Şəmkir Rayon İcra Hakimiyyəti və YAP Şəmkir rayon təşkilatının birgə təşkilatçılığı ilə “Azərbaycan 18 ildə” adlı tədbir keçirilib.
Tədbir ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.
Tədbirdə çıxış edən Şəmkir RİH başçısı Rəşad Tağıyev Azərbaycanın sosial-siyasi həyatında qazanılan uğurları möhkəm əsaslar üzərində qurulan dayanıqlı, ardıcıl dövlət siyasəti ilə əlaqələndirib. Bildirib ki, memarı ümummilli lider Heydər Əliyev olan həmin siyasəti uğurla davam etdirən dövlətimizin başçısı fəaliyyəti ilə dünyaya günəş kimi doğan Azərbaycan təqdim etdi: Bütün bu uğurlarımız, o cümlədən birliyimiz torpaqlarımızın işğaldan azad edilməsini şərtləndirdi. Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarı xalqın qalib ruhunun güzgüsüdür. Xalqın orduya inamı və dəstəyi, həmçinin ölkədə yaşanan milli və siyasi həmrəylik yaşadığımız Zəfər tarixinin ideoloji əsasıdır.
Vətəndaşlarımızı milli birliyə dəvət edən Prezident xalqın dəmir yumruq kimi birləşməsinin əsas səbəbkarıdır. Zəfər zirvəsinə yüksəlmiş Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Qələbəyə nail oldu. Dünyaya səs salan Zəfərimiz yeni reallıqlar yaradaraq Azərbaycanın qalib ölkə kimi diktə edən tərəf olduğunu nümayiş etdirir”.
YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev çıxışında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin fəaliyyətindən danışıb, 2020-ci il noyabrın 10-da imzalanan Birgə Bəyanatla ölkəmizin ərazisinin 20 faizinin 30 illik işğalına son qoyulduğunu bildirib. F.Vəliyev deyib: “Əsrə bərabər 18 ilin zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası və xalqımızın əyilən qəddini dikəldən Vətən müharibəsinin nəticələri dayanır”.
Digər natiqlər də çıxışlarında bildiriblər ki, Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar Azərbaycanın dayanaqlı inkişafının əsasıdır. Təkcə son illərin islahatlar kursu ölkəmizin gələcək inkişafı barədə aydın təsəvvür yaradır.