Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid övladının doğum günü qeyd olunub

14 dekabr 2021 | 16:00

Vətən Müharibəsi qəhrəmanı Tural Abbasovun yadigarı olan oğlu Barışın doğum günü qeyd olunub. Onun 8 yaşı tamam olub.

Şəmkir RİH başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Sərdar Namazov ailəsi ilə birlikdə şəhid övladını təbrik etmək üçün onun yaşadığı ünvana baş çəkib, hədiyyələr təqdim edib.

Qeyd edək ki, Abbasov Tural Fəzayıl oğlu 19 oktyabr 1989-cu ildə Şəmkir rayonunun Qılıncbəyli kəndində anadan olmuşdur.

2007-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmətdə başlamış, 2009-cu ildə ehtiyata buraxılmışdır.

2015-ci ildə isə Tural Abbasov yenidən hərbi xidmətə başlamaq qərarına gəlir, hərbi hazırlıq üzrə təlim-tədris kurslarından keçərək müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi hərbi xidmətə başlamışdır.

27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Azərbaycan Ordusunun çavuşu olan Tural Abbasov torpaqlarımızın bütövlüyü uğrunda vuruşmuş, Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə yer almışdır.

Ermənistan silahlı qüvvələrinin təxribatlarının qarşısının alınması ilə əlaqədar hərbi əməliyyatlar çərçivəsində 2020-ci il sentyabrın 29-da Kəlbəcər rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 

17 dekabr 2020-ci il tarixində Şəmkir rayonunun Qılıncbəyli kəndində dəfn olunmuşdur.

Tural Fəzayıl oğlu Abbasov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra) və “Kəlbəcərin azad olunmasına görə” (ölümündən sonra) medalları ilə təltif edilmişdir.
Doğum günün mübarək vətən, yurd, şəhid əmanəti!

Sənə xoşbəxt həyat arzulayırıq.

Buna daha çox haqqı çatan Sizlərsiniz.

Çünki atalarınız canları, qanları ilə Sizlərə bu haqqı qazandırıblar.

Keçidlər