Şəmkirdə yeni məktəb binası istifadəyə verildi - FOTOLAR
Son illərdə Respublikamızda ənənəvi məktəb binalarının inşası ilə yanaşı, modul tipli məktəblərin quraşdırılması da həyata keçirilir. Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Modul tipli məktəblərin tikintisində əsasən yerli istehsal məhsullarında istifadə edilir.
Bu dəfə Milli Məclisin sədri Sahibə xanım Qafarovanın təşəbbüsü ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Şəmkir rayonunun Yuxarı Çaykənd kənd tam orta məktəbi üçün quraşdırılan modul tipli bina müəllim və şagirdlərin istifadəsinə verilib.
Tədbirin açılış mərasimində Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Milli Məclisin İcra Hakimiyyəti orqanları ilə əlaqədar şöbəsinin müdiri Rüstəm Mahmudov və Milli Məclisin deputatı Rauf Əliyev iştirak ediblər.
Tədbirdə çıxış edən icra başçısı kəndin şagird və pedaqoji kollektivini və kənd ictimaiyyətini təbrik edərək bildirib ki, ucqar dağ kəndində belə bir məktəb binasının istifadəyə verilməsi Prezidentimiz cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevanın Şəmkir təhsilinə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir: “Tikilən məktəb bütün yüksək standartlara cavab verir. Sinif otaqları əyani vəsaitlərlə təchiz edilib. Bir sözlə, şagirdlərə yaxşı oxumaq üçün məktəbdə bütün imkanlar yaradılıb”.
Eyni zamanda çıxış edən qonaqlar da kənd sakinlərini və şagirdləri təbrik ediblər.
Qeyd edək ki, məktəb binası 80 şagird yerlikdir. Məktəb sinif otaqları, müəllimlər otağı və sanitar qovşaqdan ibarətdir. Məktəb binası müasir avadanlıqlar, mərkəzləşdirilmiş istilik və müşahidə sistemləri ilə təmin edilib, həyətlərində abadlıq işləri aparılıb.
Yeni inşa edilən məktəb binası ilə tanışlıqdan sonra AFFA trəfindən "Kəndlərdə İdmanın İnkişafı" layihəsi çərçivəsində 50 ədəd idman formaları və toplar şagirdlərə və kəndin uşaqlarına təqdim olunub.