Səyyar ASAN Avtobus Şəmkirdə
"ASAN xidmət"in səyyar avtobusu dekabr ayının 1-dən Şəmkir rayonunda fəaliyyətə başlayacaq.
Şəmkirlə yanaşı, digər rayonların da sakinlərinə xidmət göstərəcək ASAN Avtobusda vətəndaşlar notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi aiddir.
Eyni zamanda, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışlar, texniki pasportlar, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışlar, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışlar, texniki pasportlar verilməsi kimi xidmətlərdən yararlana bilərlər.
Səyyar xidmətlər Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunub.
“Səyyar ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.
Qeyd edək ki, dekabr ayının 1-dən başlayan Səyyar ASAN Avtobus xidməti dekabr ayının 24-ə kimi vətəndaşlara xidmət göstərəcək.