Rəşad Tağıyev rayonun fəal gənclərinin bir qrupu ilə görüşdü, müxtəlif mövzular müzakirə edildi-FOTOLAR
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev rayonun fəal gəncləri ilə görüşüb.
Görüşü giriş sözü ilə açan RİH başçısı gəncləri salamlayaraq ölkəmizdə həyata keçirilən gənclər siyasətinin Azərbaycan gəncliyinin hərtərəfli inkişafına və ictimai-siyasi həyatda fəal iştirakının təmin olunmasına yönəldiyini vurğulayıb.
Rəşad Tağıyev bildirib ki, gənclər hər bir dövlətin gələcəyini, inkişafını istiqamətləndirən cəmiyyətin aparıcı qüvvəsidir: “Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu var. Bu gün Şəmkir rayonunda da gəncliyin potensialına böyük önəm verilməsi, onların qayğı və problemlərinin həll olunması, istək və arzularının reallaşması üçün hər cür əlverişli şərait var”.
Rayon gəncləri ilə səmimi söhbət zamanı icra başçısı vurğulayıb ki, gəncliyə göstərilən dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir və bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir: “Bütün bunlar isə Şəmkir gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir. Dövlətimizin bütün sahələrdə həyata keçirdiyi uğurlu və məqsədyönlü siyasət nəticəsində bu gün Şəmkir gəncliyinin önündə böyük qapılar, yollar açılıb”.
Görüş zamanı Rəşad Tağıyev gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması məqsədi ilə görülmüş işlər haqqında ətraflı məlumatlar verərək, rayonun ictimai-siyasi həyatında gənclərin qarşısında duran vəzifələr, gənclər arasında azərbaycançılıq məfkurəsinin təbliğ edilməsi, xalqımızın soy-kökünə, milli dəyərlərinə bağlı gənclərin yetişməsi ilə bağlı danışıb.
İcra başçısı vurğulayıb ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzün bərpa olunması yeni reallıqlar yaradıb. Həmin reallıqlar fonunda artıq gənclərimizin əsas məsuliyyəti savadlı vətəndaş olaraq ölkəmizin dayanıqlı inkişafına töhfə verməkdir.
Gənclər adından çıxış edənlər isə onlara göstərilən hərtərəfli diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirib, görülən tədbirlərin nəticəsində bu gün hər bir yaradıcı və istedadlı, savadlı gənclər üçün hər bir şərait yaradıldığını qeyd ediblər.
Daha sonra gənclərlə görülən və görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb, yaxın gələcəkdə nəzərdə tutulan layihələrlə bağlı müzakirələr edilib.
Sonda icra başçısı belə görüşlərin mütamadi keçiriləcəyini və rayonun bütün fəal gənclərinin bu müzakirələrə qoşulacağını xüsusi vurğulayıb.