“Qəhrəmanlarımızı yad etmək hər bir vətəndaşın müqəddəs borcu olmalıdır” - Şəmkir RİH başçısı
44 günlük Vətən müharibəsində Şəhidlik zirvəsinə yüksəlmiş igid oğullarımızın yoxluğundan artıq 1 il ötür.
Bu günlərdə Şəmkir rayon rəhbərliyi və ictimaiyyət şəhidlərinin xatirəsini ehtiramla anır, onların məzarlarını ziyarət edir, ailələrinə baş çəkirlər.
Ötən həftə ərzində Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş şəhid kapitan Hacıyev Hikmət, şəhid baş-leytenant Habil Əbdürrəhimli, şəhid Rövşən Əliyev, şəhid Seymur Alızadə, şəhid Orxan Əlili, şəhid Qəribzadə Hüseyn, şəhid Elşən İsmayılov, şəhid Elgün Səmədov və şəhid Anar Hüseyinlinin ildönümlərində məzarlarını ziyarət edib.
İcra başçısı əvvəlcə şəhidlərin ailə üzvləri , Vətən müharibəsi iştirakçıları və qazilərlə birlikdə qəhərəmanların məzarları önünə tər çiçəklər düzüb, onların xatirəsini ehtiramla yad edib.
Rəşad Tağıyev bildirib ki, milli-mənəvi birliyimiz, Vətən oğullarının doğma el-obaya sədaqəti, mərdliyi və mətinliyi 44 günlük müharibədə özünü daha bariz şəkildə göstərdi: “Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında bu torpağın yetirdiyi igid oğul və qızlar qanları hesabına olsa da Vətənimizi göz-bəbəyi kimi qorudular və Azərbaycanın bütövlüyünü təmin etdilər. Şəhidlik zirvəsi ən uca və müqəddəs zirvədir. Bu zirvəni fəth edənləri tanıtmaq, gənc nəsillərə örnək göstərmək hər kəsin ən ümdə işi olmalıdır. Şəhidlərimizin keçdiyi ömür yolunu, qəhrəmanlıqlarını, Vətənə olan sevgilərini örnək göstərməklə gənclərimizin vətənpərvər ruhda tərbiyə olunmasında bir addım atmış olarıq”.
Torpaqlarımızı erməni tapdağından azad edərkən şəhid olmuş bütün qəhrəman övladlarımıza Allahdan rəhmət diləyən icra başçısı şəhidlərimizin keçdikləri döyüş yolundan, göstərdikləri vətənpərvərlik nümunəsindən danışıb.
Rəşad Tağıyev Qaracəmirli kəndində Şəhid Şahbazov Şahbaz Mirzə oğlunun xatirəsinə ucaldılmış abidə-bulaq kompleksinin açılışda da iştirak edib.
İcra başçısı tədbirdə çıxış edərək 44 günlük Vətən müharibəsində şanlı qələbə qazanan Azərbaycan Ordusunun şəhidlərin qanını yerdə qoymadığını, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini və qazanılan Böyük Qələbənin tarixi əhəmiyyətini xüsusi qeyd edib.
Çıxış edənlər Azərbaycan ordusunun qüdrətindən, hərbiçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordunun birliyindən bəhs ediblər. Həmçinin qeyd edilib ki, Şanlı Zəfər tarixini yazan Vətən oğulları bütün Azərbaycan xalqının hər zaman qəlbində yaşayacaq.
Tədbirdə məktəblilərin ifasında Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib.
Şəhid ailələri hər zaman dövlət qayğısı ilə əhatə olunduqlarına görə razılıqlarını ifadə edib, ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Övladları və onlar kimi igid Vətən oğulları ilə hər zaman qürur duyacaqlarını söyləyiblər.