Şəmkir şəhərinin 6 küçəsinə yeni asfalt örtüyü döşənir - FOTOLAR
Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində rayonumuz çox böyük inkişafa imza atıb. Bu işlərin bir parçası olaraq Şəmkir şəhərinin sakinlər tərəfindən ən çox istifadə olunan küçələrində genişmiqyaslı abadlıq quruculuq işlərinə start verilib.
Uzun illərdir yararsız halda olan, istifadəsi mümkünsüz hala gəlmiş şəhərin 6 küçəsində- Sevil Qazıyeva, Şəmkir, Məmməd Araz, Rüstəm Əliyev, Fərman Salmanov və Zakir Qarayev küçələrində geniş miqyaslı təmir-bərpa işlərinə başlanılıb, yeni asfalt örtüyü çəkilir.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev şəhərdə yeni asfalt vurulan küçələrdə, eləcə də abadlıq işləri aparılan ərazilərdə olub.
İş icraçıları tərəfindən icra başçısına bildirilib ki, yeni çəkilən yollar keyfiyyətli və uzunömürlü olması üçün yenidənqurma işləri ən müasir standartlara uyğun şəkildə aparılır, yolların kənarlarında səkilər yaradılır, kanalizasiya və su xətləri yenilənir. Yenidənqurma işləri çərçivəsində küçələr boyu zəruri yerlərdə yararsız qrunt qazılaraq çıxarılır, əks-dolğu işləri icra olunaraq yeni yol yatağı salınır. Görülən işlərin ardınca isə yol əsasının inşası aparılır. Yol əsası hazır olan hissələrə isə “İnşaat Norma və Qaydaları”na uyğun olaraq yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülür.
Yeni yol çəkilişi ilə tanış olduqdan sonra icra başçısı şəhərin mərkəzi küçələrində təmir-bərpa, yeniləmə işləri aparılan ərazilərə də baş çəkib, işin gedişatı ilə maraqlanıb.
İcra başçısına məlumat verilib ki, Şəhərin mərkəzi küçələrinin divar örtükləri yenilənir, küçələrdə tarixə söykənən izlər saxlanılmaqla bərpa, rənglənmə işləri aparılır.
Rayon rəhbəri görülən bütün işlərin keyfiyyətinə üstünlük verilməsini bildirib və aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.
İcra başçısı vurğulayıb ki, rayonda görülən abadlıq-quruculuq işləri, xüsusilədə yolların təmiri gələcəkdə də davam etdiriləcək, cənab Prezident İlham Əliyevin qayğısı nəticəsində Şəmkir Azərbaycanın ən gözəl şəhərlərindən birinə çeviriləcək.
Rəşad Tağıyev abadlıq-quruculuq işləri ilə tanış olan zaman həmin ərazilərdə yaşayan sakinlərlə söhbət edib, onların təkliflərini dinləyib. Sakinlər Prezident cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızda, eləcə də Şəmkirdə aparılan quruculuq işlərinin şəmkirlilər tərəfindən razılıqla qarşılandığını bildiriblər və bu işlərə görə ölkə başçısına minnətdarlıqlarını çatdırıblar.