Şəmkir RİH başçısı Rəşad Tağıyev şəhidlərin il mərasimlərində iştirak edib
"Vətənin şəhid övladları, bu gün sizin ruhunuz şaddır"
44 günlük Vətən müharibəsində Şəhidlik zirvəsinə yüksəlmiş igid oğullarımızın yoxluğundan artıq 1 il ötür.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Milli Məclisin deputatları Kamran Bayramov və Nurlan Həsənov torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan şəhidlərimizin il ildönümündə məzarını ziyarət edib, ailələrinə baş çəkib.
Anım mərasimində çıxış edən icra başçısı bildirib ki, İkinci Qarabağ müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə başa çatdı. Bu müharibədə rəşadətli Azərbaycan Ordusu İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə işğalçı Ermənistanı döyüş meydanında darmadağın etdi: “Vətən torpaqlarının azadlığı uğrunda 44 gün davam edən bu savaş milli həmrəyliyimizin rəmzinə çevrildi, tariximizə qürur mənbəyimiz kimi həkk olundu. Möhtəşəm zəfər tariximizi, dövlətçilik irsimizi daha da şərəfləndirdi. Bu Qələbə dövlətimizin qüdrətini bütün dünyaya nümayiş etdirdi. Xalqımız öz haqqı uğrunda mübarizə aparmaq əzmini nümayiş etdirdi, məğlubiyyət damğasını üzərindən götürdü. Vətənin şəhid övladları, bu gün sizin ruhunuz şaddır. Çünki hər qarışı üçün şərəflə mübarizə apardığınız, uğrunda canınızdan keçdiyiniz, qanınızla suvardığınız Vətən torpaqları artıq işğaldan azaddır. Azərbaycan var olduqca Sizlər bu millətin qəlbində Zəfər Şəhidləri kimi qalacaq və xatırlanacaqsınız”.
Tədbirdə çıxış edən millət vəkilləri isə bildiriblər ki, bu savaşın nəticəsində dünya bizi həm də qalib xalq kimi tanıdı. Bu müharibədə rəşadətlə döyüşən, düşmənə göz açmağa imkan verməyən bu övladlarımız isə öz mübarizliyi ilə qəhrəmanlıq simvoluna çevrildi. Hər bir vətən övladı igidliyin, cəsarətin, qorxmazlığın nümunəsini yaratdı, qəhrəmanlıq salnaməsi yazdı.
Torpaqlarımızı erməni tapdağından azad edərkən şəhid olmuş bütün qəhrəman övladlarımıza Allahdan rəhmət diləyən tədbir iştirakçıları şəhidlərimizin keçdikləri döyüş yolundan, göstərdikləri vətənpərvərlik nümunəsindən danışıblar.
Şəhid ailələri hər zaman dövlət qayğısı ilə əhatə olunduqlarına görə razılıqlarını ifadə edib, ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Övladları və onlar kimi igid Vətən oğulları ilə hər zaman qürur duyacaqlarını söyləyiblər.