Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid polkovnik-leytenant Rəşad Sadıqovun doğum günüdür

12 oktyabr 2021 | 16:00

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində şanlı Azərbaycan Ordusu düşməni diz çökdürərək torpaqlarımızı işğalçılardan təmizləmiş və ərazi bütövlüyümüzü bərpa etmişdir.

Torpaqlarımızın işğaldan azad edilməsində, tarixi qələbənin qazanılmasında böyük şücaət göstərərək canını Vətən yolunda qurban verən igidlərimizdən biri də Vətən Müharibəsi Qəhrəmanı,  şəhid polkovnik-leytenant Rəşad Xanlar oğlu Sadıqovdur.

Rəşad Sadıqov 11 oktyabr 1978-ci ildə Laçın şəhərində anadan olmuşdur. 1984-cü ildə Laçın şəhəri 2 nömrəli orta məktəbin birinci sinifinə başlamışdır. 1993-cü ilin may ayının 9-da Laçın şəhərindən Şəmkir şəhərinə gəlmiş və ailəsi ilə birlikdə burada məskunlaşmışlar. 1995-ci ildə Şəmkir şəhəri Ə.Cavad adına orta məktəbi bitirmiş və həmin il Bakı Birləşmiş Ali Komandirlər Məktəbinə  qəbul olmuşdur. 1999-cu ildə Ali təhsilini başa vurmuş və leytenant rütbəsi ilə ilk hərbi xidmətinə Naxçıvan şəhərində başlamışdır. 2006-cı il avqust ayının 12-də ailə həyatı qurmuşdur. 2004-cü ildən 2019-cu ilədək Naxçıvan Muxtar Respublikasında H.Əliyev adına hərbi liseydə, Səfərbərlik xidmətində və hərbi hospitalda müxtəlif vəzifələrdə çalışmış 2019-cu ildə Goranboy rayonunda “N” saylı hərbi hissədə xidmətinə davam etmişdir. 2020-ci il sentyabr ayının 27-də Vətən müharibəsində ordumuzun sıralarında yer almış, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və nəhayət Laçın rayonlarının azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişdir.

Rəşad Sadıqov oktyabrın 30 da Laçın döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Sadıqov ölümündən sonra "Vətən uğrunda" , "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.

Oktyabrın 11-də, Şəhid Polkovni-leytenantın doğum günündə Şəmkir Rayon İcra Hakimiyyətinin əməkdaşları Vətən Müharibəsi Qəhrəmanının məzarını ziyarət etmiş, onun əziz xatirəsini hörmət və ehtiramla yad etmişlər.

Şəhidin ailəsi ilə görüş zamanı Vətən uğrunda canlarını fəda edən bütün şəhidlərimizin, o cümlədən Rəşadın xatirəsinin əziz tutulduğunu, hər zaman xalqımızın qəlbində əbədi yaşayacağı bildirilib.

Keçidlər