Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Ruslan Qəhrəmanov ildönümündə anıldı, xatirəsi əbədiləşdirildi

06 oktyabr 2021 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan Ruslan Qəhrəmanovun ildönümündə məzarını ziyarət edib, şəhidin yaxınları tərəfindən xatirəsinə ucaldılmış Bulaq kompleksinin açılış mərasimində iştirak edib.

Millət Vəkili Kamran Bayramovun da iştirak etdiyi tədbirə şəhidin ailə üzvləri, döyüş yoldaşları, şəhid ailələri və müharibə iştirakçıları da qatılıb.

Rəşad Tağıyev Bulaq kompleksinin açılış mərasimində çıxış edərək şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib.

44 günlük Vətən müharibəsindən söz açan icra başçısı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həmin müharibədə qazanılan şanlı Qələbədən və Şəmkir şəhidlərinin şücaətindən danışıb.

Şəhid ailələrinin dövlətimizin və xalqımızın daim diqqət və qayğısında olduğunu qeyd edən icra başçısı, şəhidlərimizin ölmədiyini, daim Azərbaycan xalqının qəlbində yaşadığını bildirib: “Vətən Müharibəsi şəhidləri erməni təcavüzünün qarşısını almaqla 30 ilə yaxın davam etmiş işğala son qoymaq və Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin etmək uğrunda canlarını fəda etdilər”.

Millət Vəkili Kamran Bayramov çıxışında Azərbaycanın sülh yolu ilə münaqişəni həll etmək çağırışlarına məhəl qoymayan Ermənistanın 30 il ərzində müharibə və insanlığa qarşı cinayətlərini davam etdirdiyini, işğal altında qalan bütün şəhər və kəndləri, mədəni və dini abidələri viran qoyaraq yerlə yeksan etdiyini vurğulayıb.

Kamran Bayramov bütün bu erməni vəhşiliklərinə şəhidlərimizin qəhrəmanlığı, canı və qanı bahasına, eləcə də müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun şücaəti və əzmi sayəsində son qoyulduğunu, şəhidlərimizin qanının yerdə qalmadığını və Azərbaycan torpaqlarının işğaldan azad edildiyini bildirib.

Daha sonra tədbir iştirakçıları şəhid Ruslan Qəhrəmanovun ildönümü münasibətilə ailəsinə baş çəkib, ev muzeyinə baxış keçiriblər.

Şəhidin ailə üzvləri hər zaman dövlət qayğısı ilə əhatə olunduqlarına görə razılıqlarını ifadə edib, ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər