Şriftin ölçüsü :

Saytın rəngi :

İCRA BAŞÇISI ŞƏHİDLƏRİN XATİRƏ KOMPLEKSLƏRİNİN AÇILIŞINDA İŞTİRAK EDİB

29 sentyabr 2021 | 16:00

Şəmkir rayonunun Dəllər Cəyir kəndi və Posanlı yaşayış massivində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən vətən övladlarının xatirəsinə inşa edilən abidə kompleksinin açılışı olub.

Açılış mərasimində Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, RİH əməkdaşları, şəhid ailələri, qazilər, hərbiçilər və müharibə iştirakçıları, şəhidlərin yaxınları iştirak ediblər.

Pandemiya qaydalarına uyğun təşkil olunan tədbirdə ilk olaraq vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Abidə kompleksinin önünə gül dəstələri düzülüb.

RİH başçısı Rəşad Tağıyev abidənin inşasında əməyi keçən hər kəsə, o cümlədən kənd fəallarına öz təşəkkürünü bildirərək 44 günlük Vətən müharibəsində Azərbaycanın qətiyyətli mövqeyindən, xalqımızın məğrurluğundan, yenilməzliyindən, torpağa bağlılığı və Vətən sevgisindən danışıb.

İcra başçısı 44 günlük Vətən müharibəsində şanlı qələbə qazanan Azərbaycan Ordusunun şəhidlərin qanını yerdə qoymadığını, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini və qazanılan Böyük Qələbənin tarixi əhəmiyyətini xüsusi qeyd edib.

Tədbirdə çıxış edənlər Azərbaycan ordusunun qüdrətindən, hərbiçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordunun birliyindən bəhs ediblər. Həmçinin qeyd edilib ki, Şanlı Zəfər tarixini yazan Vətən oğulları bütün Azərbaycan xalqının hər zaman qəlbində yaşayacaq.

Tədbirdə məktəblilərin ifasında Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib.

Şəhid ailələri və qazilər çıxışlarında şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Açılış mərasimlərindən sonra Rəşad Tağıyev Sabirkənd kəndində  şəhidlərin xatirəsinə yeni salınan parkda ağacəkmə aksiyasında iştirak edib, kənd ərazisində inşa ediləcək abidə kompleksinə baxış keçirib.

 

Keçidlər