Şriftin ölçüsü :

Saytın rəngi :

VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANLARI

23 sentyabr 2021 | 16:00

VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANLARI

"ƏSGƏR QARDAŞIM İLK DƏFƏ QALİB KİMİ DÖNDÜ DOĞMA ŞƏMKİRİNƏ"

Prezident Cənab İlham Əliyevin ölkəmizə rəhbərliyi ərzində yetişən gənclər torpaqlarımızın işğaldan azad olunmasında əsas rol oynadılar.

Ali Baş Komandanın rəhbərliyi ilə aparılan Vətən müharibəsində əsas vəzifəni yerinə yetirən gənc nəsil arasında Şəmkir gəncləri də oldu.

44 günlük müharibənin əsas qəhrəmanlarından olan məhz həmin gənclərimiz, gənc hərbçilərimiz fədakarlıq və qəhrəmanlıqları ilə tarix yazıdılar.

Hələ Aprel Zəfərində Şəmkirin qəhrəman oğulları polkovnik Vüqar Yusifov, Kiçik Çavuş Təbriz Əsgərov, əsgər Vüsal Alıyev, Altun Dəmirli, Nurlan Qasımov canları, qanları ilə tarixi ədalətin bərpa olunması üçün savaşdılar və şəhidlik zirvəsinə ucaldılar.

Onların və onlarla çiyin-çiyinə şəhid olan qəhrəman balalarımızın qanı 4 ildən sonra alındı, həm də cəmi 44 günə.

Şəmkirin vətənpərvər gəncləri də vətəndaş olmaqdan öncə vətənin daşı olmağın necə bir hiss olduğunu dünyaya göstərdilər.

Hələ səfərbərlik belə elan olunmamışdı. Şəhərimizin Səməd Vurğun küçəsində olan izdiham bir anlıq diqqətimi çəkdi. Pandemiya şəraitində bu qədər insanın bir yerə toplaşmağı sözün açığı məni bir az narahat etdi. Amma onların vətən sevgisinə, yurd sevgisinə heç nə mane olmamışdı.

Öyrəndim ki, minləri, on minləri oraya toplayan Qarabağ sevgisi, vətən eşqidir. Talışı, Murovu, Suqovuşanı, Cəbrayılı, Füzulini, Daşaltını aşıb, Şuşaya, Azad Qarabağ Şanlı Bayrağımız sancmağa gedirlər.
Həmin an çox qürurlandım, bu millətin, bu gəncliyin bir parçası olub bu tarixi yaşadığım üçün fəxr etdim. Onları yola salan valideyinlərdən isə ancaq bu söz eşidilirdi: “yolun açıq olsun, əsgər”, “Qarabağsız, Şuşasız dönməyin”.

Bəli, onlar getdilər və bütün anaların, ataların, o böynu bükük tarixi yaşayan insanların arzularını gerçək edib döndülər. Onlar Qarabağımızı azad etdilər!

İlk dəfə şəhidimə Zəfər şəhidi adını qazandırdılar, ilk dəfə qazim qələbəsi ilə qürurlandı, ilk dəfə əsgər qardaşım qalib kimi döndü doğma Şəmkirinə.

44 günlük Vətən müharibəsi bizə tək Qarabağımızı geri qaytarmadı.

Bu müharibə göstərdi ki, Azərbaycanda vətənpərvər və milli ruhda tərbiyə almış gənc nəsil yetişib. Bu illər ərzində gənclərimizin məhz vətənpərvərlik ruhunda tərbiyə alması, onlarda olan düşmənə nifrət hissi Qələbəyə apardı və Azərbaycanın tarixi ədaləti bərpa etməsinə töhfə verdi.

Vətən müharibəsidə həm də gənc nəsil, yaşlı nəsil, təcrübəli insanlar, bütün xalqımız, bir yumruq kimi birləşdi.

Vətənpərvər, milli ruhda tərbiyə almış gənc nəslin təkcə döyüş meydanında deyil, arxa cəbhədə də özünün birlik və bərabərliyini düşmənə sübut etdi.

Artıq Şəmkirin necə mərd oğul və qızlarının olduğunu hər kəs bilməlidir. İgid oğullarımızın göstərdiyi şücaət təbliğ olunmalıdır. Yetişməkdə olan Azərbaycan gənci onun necə qəhrəman oğul və qızlarının olduğunu bilməlidiri. O zaman həmin qəhrəmanlar aramızda olmasalar da, onların ruhları daima şad olar və bundan qazanan yalnız gənclər olar. Bu gün hər kəs bunu görür və sevinir. Sevinirlər ki, vətənpərvər gənclər var, ürəyi vətən eşqilə döyünən gənclər yetişir.

Sonda onu da qeyd edim ki, hər bir şəhidimizin, qazimizin evi bizim üçün qibləgahdır. Əslində biz bu gün hamımız torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərə borcluyuq. Onların ailləri isə ən böyük ehtirama, hörmətə layiqdir. Vəzifəsindən asılı olmayaraq, hər kəs bilməlidir ki, oğlunu, ərini şəhid verən ailə hər kəsin diqqət mərkəzində olmalıdır.

ÜLKƏR ƏLİYEVA

Şəmkir RİH Başçısı Aparatında Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi

Elçin İsrafilzadə 1990-cı il iyulun 11-də Şəmkir rayonunun Qədimqala kəndində anadan olub.

1996/2005-ci illərdə Qədimqala kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Kənan, Leyla və Yusif adlı üç övladı yadigar qaldı.
Elçin İsrafilzadə 2008/2010-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2015-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusi kimi xidmət edirdi.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elçin İsrafilzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elçin İsrafilzadə oktyabrın 20-də Füzuli döyüşləri zamanı şəhid olub. Şəmkir rayonunun Qədimqala kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin İsrafilzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Etibar Cəfərov 1983-cü il aprelin 4-də Şəmkir rayonunun Morul kəndində anadan olub.[1] 1990–2001-ci illərdə M. Əhmədov adına Şəmkir şəhər tam orta məktəbində təhsil alıb. Ailəli idi. Zamiq və Zümrüd adlı iki övladı yadigar qaldı.

Etibar Cəfərov 2001–2002-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2004-cü ildə hərbi hazırlıq üzrə təlim-tədris kurslarından keçərək gizir rütbəsinə yiyələnib və Naxçıvan şəhərində yenidən hərbi xidmətə başlayıb. Müxtəlif hərbi hissələrdə xidmət edib. Etibar Cəfərov xidməti dövründə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı, 2-ci və 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” medalı, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalı ilə təltif edilib.

Azərbaycan Silahlı Qüvvələrinin giziri olan Etibar Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcərin və Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Etibar Cəfərov Murovdağ döyüşləri zamanı itkin düşüb. Oktyabrın 23-də şəhid olduğu müəyyənləşib. Şəmkir rayonunun Morul kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Etibar Cəfərov ölümündən sonra "Vətən uğrunda" , "İgidliyə görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edildi.

Mətləb Zamanov 1985-ci il yanvarın 29-da Şəmkir rayonunun Morul yaşayış massivində anadan olub.

Mətləb Zamanov 2005-2006-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2014-cü ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Mətləb Zamanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mətləb Zamanov oktyabrın 26-da Füzuli döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mətləb Zamanov ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Füzulinin azad olunmasına görə" medalıları ilə təltif edildi.

Keçidlər