VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANLARI
VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANLARI
"Tarixi zəfərimiz qürur mənbəyimizdir"
Artıq tarixə qovuşmuş 2020-ci il Azərbaycan xalqı üçün istər siyasi, istər diplomatik, istərsə də digər sahələr üzrə uğurlarla yadda qaldı.
İlin ən mühüm uğuru isə 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı tarixi qələbəmizdir. Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın tacı olan qədim Şuşanın işğaldan azad edilməsinin ardınca böyük Qələbənin qazanılması xalqımızın tarixində yeni bir əbədi tarix yazdı. Qibtə ediləcək bu böyük zəfər nəticəsində torpaqlarımız Ermənistanın işğalından azad olundu və 30 ilə yaxın davam edən Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu.
Prezidentimizin bu tarixi qələbənin qazanılmasında nümayiş etdirdiyi qətiyyətli mövqe xalqımıza, o cümlədən hər birimizə böyük sevinc və qürur hissi yaşatdı. Azərbaycan Ordusunun qəhrəman əsgər, çavuş, gizir, zabit və generalları yüksək peşəkarlığa, qibtə olunacaq Vətən sevgisinə malik olduqlarını bütün dünyaya əyani şəkildə göstərdi və sübut etdilər.
Üçrəngli bayrağımızın Cəbrayılda, Hadrutda, Füzulidə, Zəngilanda, Şuşada, Ağdamda, Kəlbəcərdə və Laçında dalğalanması Ali Baş Komandanımız İlham Əliyevin yüksək və məğlubedilməz sərkərdəlik qabiliyyətinin, ordumuzun, xalqımızın qırılmaz gücünün, möhkəm iradəsinin, monolit birliyinin və vəhdətinin çox parlaq bir nümunəsidir. Heç şübhəsiz, bu şanlı tarixi qələbənin böyük əhəmiyyəti və əvəzolunmaz yeri qədirbilən xalqımız tərəfindən həmişə yüksək qiymətləndiriləcək və heç vaxt unudulmayacaq.
Bu Qələbənin qazanılmasında şanlı və qəhrəman Azərbaycan əsgər və zabitlərinin əvəzsiz rolu danılmazdır. Ona görə də bütün Azərbaycan xalqı Vətənin xilaskarı olan bu insanları və Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizi həmişə minnətdarlıq hissi ilə xatırlayacaq. Eyni zamanda, qalib dövlət olaraq Azərbaycanın qarşısında yeni hədəflər dayanır. Ölkəmiz bu hədəflərə çatmaq üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə inamlı addımlar atır və bundan sonra da atacaq.
Qurban Qəzənfərli 1997-ci il yanvarın 15-də Şəmkir rayonunun Ağlavaşlı kəndində anadan olub. 2004/2015-ci illərdə Ağlavaşlı kənd tam orta məktəbində təhsil alıb. Subay idi.
Hərbi xidməti
Qurban Qəzənfərli 2016/2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edirdi.
İkinci Qarabağ müharibəsində iştirakı
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Qurban Qəzənfərli 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Qurban Qəzənfərli sentyabrın 29-da Murovdağ döyüşləri zamanı şəhid olub. Şəmkir rayonunun Ağlavaşlı kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qurban Qəzənfərli ölümündən sonra “ İgidliyə görə”, "Vətən uğrunda", və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edildi.
İsrayıl Hacıyev 28 fevral 2002-ci ildə Şəmkir rayonunun Zəyəm Cırdaxan kəndində anadan olub. 2008-ci ildə Şəmkir rayon Zəyəm-Cırdaxan kənd C.Abdıyev adına tam orta məktəbin birinci sinfinə daxil olub, həmin məktəbin 9-cu sinifə qədər təhsil alıb. 2017-ci ildən 2020-ci ilədək ailə kəndli təsərrüfatında ailəsi ilə birlikdə çalışmışdır.
İsrayıl Hacıyev 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətə başlamışdır.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan İsrayıl Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsrayıl Hacıyev ölümündən sonra "Vətən uğrunda" medalı və "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Niyaməddin Məhərrəmov 1993-cü il yanvarın 5-i Şəmkir rayonunun Kür qəsəbəsində anadan olmuşdur. 2000-2011-ci illərdə Kür qəsəbəsində yerləşən İ. Aznaurov adına tam orta məktəbdə oxumuşdur.
Niyaməddin Məhərrəmov 2011-2012-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 21 sentyabr 2020-ci il tarixində ordu sıralarına cəlb edilmiş, 29 sentyabr 2020-ci il tarixində Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Niyaməddin Məhərrəmov ölümündən sonra "Vətən uğrunda", və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edildi.
Vacib Zabit oğlu Məmmədov 2001-ci il fevralın 27-də Şəmkir rayonunun Morul kəndində anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan Vacib Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Talış qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vacib Məmmədov sentyabrın 30-da Talış döyüşləri zamanı şəhid olub. Şəmkir rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vacib Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.