Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir rayonunda 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

15 iyun 2021 | 16:00

Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Fəxrəddin Vəliyev, hüquq mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil və gül dəstələri qoyub, Ümummilli Liderin əziz xatirəsini yad ediblər.

Fəxrəddin Vəliyev Milli Qurtuluş Gününün hər bir azərbaycanlı üçün əziz olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycan bugünkü uğurlara məhz Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kurs nəticəsində nail olub. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın uğurlu fəaliyyətləri nəticəsində Azərbaycan bu gün qalib və qüdrətli olkə kimi bütün dünyada tanınır.

Daha sonra F.Vəliyev Milli Qurtuluş günü münasibətilə rayonun YAP fəalları ilə videokonfrans vasitəsilə görüş keçirib.

Görüş zamanı 1993-cü il iyunun 15-dən ötən dövrdə Azərbaycanın keçdiyi inkişaf yolundan, əldə olunan uğurlardan danışılıb. Bildirilib ki, 1993-cü ilin iyununda Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışını şərtləndirən obyektiv və subyektiv faktorları və həmin dövrdə baş verən mürəkkəb prosesləri xronoloji ardıcıllıqla təhlil edilib.

F.Vəliyev yaranmış ağır vəziyyətdə xalqın təkidli tələbi ilə Ulu öndərin ikinci dəfə hakimiyyətə gəlməsinin Azərbaycanın həm siyasi, həm iqtisadi, həm də sosial-mədəni qurtuluşunun əsasını qoyduğunu bildirib. Müstəqil inkişaf tariximizin məhz 15 iyun tarixindən başladığını, güclü strateq, görkəmli siyasi xadim və cəsarətli rəhbər olan Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Milli Qurtuluş Günündən başlayan inkişaf yolumuz 2003-cü ildən yeni liderin rəhbərliyi ilə yeni yüksəliş mərhələsinə qədəm qoydu:"Məhz Prezident İlham Əliyevin müstəqil, cəsarətli və düşünülmüş siyasəti nəticəsində Azərbaycan bu gün dünya miqyasında öz mövqeyi və rolu olan, beynəlxalq əmək bölgüsündə öz layiqli yerini tutan, dünya gəlirlərindən pay alan, ən nəhəng transkontinental layihələri reallaşdıran, bu coğrafiya və bütün dünya üçün önəmli strateji tərəfdaş və iqtisadi faktordur".

Tədbirin sonunda vurğulanıb ki, böyük dövlət xadimi Heydər Əliyevin ictimai, siyasi, iqtisadi və mədəni həyatımızla bağlı ideyaları artıq Azərbaycanın gerçəkliyinə çevrilib. Ulu Öndərin müəyyən etdiyi müdrik siyasi kurs və strateji xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmiz sürətlə inkişaf edir.

Keçidlər