ŞƏMKİR SAHİBKARINDAN ÖRNƏK ADDIM- XEYRİYYƏ MƏQSƏDİLƏ YOL TƏMİR ETDİRDİ
Şəmkirli iş adamları, sahibkarlar, xüsusilə də xaricdə iri, orta və xırda sahibkarlıqla məşğul olan şəmkirlilər hər zaman örnək addımları ilə ictimaiyyətin rəğbətini qazanıblar.
Bu sahədə onlar müxtəlif səpkili xoş əməllərlə yadda qalırlar.
Kimi xeyriyyəçiliyi ilə aztəminatlı ailələrə sevinc dolu anlar yaşatmaqla, insanların həyatında önəmli izlər buraxcaq xoş niyyətli əməllərlə, kimi isə rayonun gözəlliyində pay sahibi olmaqla...
Belə iş adamlarımızdan biri də rayonun Qapanlı kənd sakini, sahibkar Həsənov Müsbət Müzəffər oğludur.
Belə ki, Ukraynada və Rusiyada sahibkarlıqla məşğul olan iş adamı Şəmkir şəhər İnizibati Ərazi dairəsi üzrə nümayəndəliyə şəhərdə avtomobil yollarının xətlənməsi, mütamadi olaraq piyadaların təhlükəsizliyi üçün piyada zolaqlarının rənglənməsi üçün xətçəkən maşın hədiyyə edib.
Müsbət Həsənov xeyriyyə məqsədilə Qapanlı kəndini Kür qəsəbəsinə birləşdirən, uzunluğu 5 km, eni 8 metr olan avtomobil yolunda təmir-bərpa işləri aparıb.
Belə ki, sahibkarın dəstəyi ilə həmin yola 100 maşın balans daşları, üst hissəsinə isə 180 maşın qum-çınqıl tökülərək təmir olunub. Yol ağır texnika ilə hamarlanıb, yolun ətrafı təmizlənib, su bəndləri təmir edilib.
Sahibkarımız məqsədini belə açıqlayır: “Cənab Prezident İlham Əliyevin sahibkarlara göstərdiyi diqqət və qayğı göz qabağındadır. Bu istiqamətdə Şəmkirdə də yerli iş adamlarına qucaq açılır, onlara hər cür köməklik göstərilir. Rayonumuz isə günü-gündən gözəlləşir. Biz də bu gözəllikdə payımız olsun istəyirik”.