EHSAN ƏVƏZİNƏ DOĞMA KƏNDLƏRİNİN İKİ KÜÇƏSİNİ TƏMİR ETDİLƏR
Dəllər Cəyir kənd sakinləri örnək addıma imza atıb. Belə ki, kəndin xeyriyyəçi insanları vəfat edən yaxınlarının ehsanına dəbdəbəli süfrə təşkil etməkdənsə, kəndin iki mərkəzi küçəsini təmir edərək kənd sakinlərinin istifadəsinə veriblər.
Qeyd edək ki, artıq bir neçə ildir Şəmkir rayonunda milli-mənəvi dəyərlərimizdən olan yas mərasimlərinin sadələşdirilməsi istiqamətində ciddi addımlar atılır.
Çoxsaylı Şəmkir sakinlərinin müraciətindən sonra rayonda ehsan süfrələri sadə və hamının gücü çatan tərzdə verilir. Bu işi şəmkirlilər, xüsusilə ağsaqqallar yüksək qiymətləndirirlər.
Şəmkir Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayon sakinləri artıq təmtəraqdan uzaq mərasimlər əvəzinə dünyadan köçən yaxınlarının ehsanı üçün xeyriyyə işləri həyata keçirməyə üstünlük verirlər. Bu artıq rayonda gözəl bir ənənəyə çevirilib.
Sevindirici haldır bu ənənəni pozmağa cəhd edənlər elə sakinlərin özləri tərəfindən qınaq obyektinə çevrilir.