Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan uzun illər mövcud olmuş status-kvonu aradan qaldırdı, təmas xəttini ləğv etdi

11 oktyabr 2020 | 16:00

Sentyabrın 27-də başlamış hərbi əməliyyatlar Azərbaycan Ordusunun tam qələbəsi ilə nəticələndi və bundan sonra ölkəmiz diplomatik cəbhədə də diqtə edən tərəf kimi çıxış edir. Azərbaycan hərbi sahədə əldə etdiyi böyük uğuru həm də diplomatik müstəviyə keçirdi. Ermənistanın danışıqları formatını dəyişdirmək və Dağlıq Qarabağdakı qondarma rejiminin danışıqlar prosesində tərəf kimi çıxış etməsinə nail olmaq, o cümlədən 1994-cü il Bişkek protokolunu əlində bayraq etmək iddiasının üzərindən birdəfəlik xətt çəkildi. Ermənistan etiraf etdi ki, bu münaqişədə tərəf olan Dağlıq Qarabağdakı qondarma rejim deyil, məhz Ermənistan dövlətidir. Ermənistan baş naziri artıq 7 şərt irəli sürmür, ona diqtə edilən şərtləri qəbul etmək zorundadır. Bu gün danışıqlar prosesində məhz Azərbaycan öz iradəsini diqtə edir və şərt irəli sürür.

Azərbaycanın öz torpaqlarını azad etmək üçün başladığı əks-hücum Dağlıq Qarabağ probleminin həlli məsələsini dünya birliyi üçün prioritetlər sırasına gətirdi. Artıq beynəlxalq vasitəçilər münaqişənin donmuş vəziyyətdə qalmasının yolverilməzliyini anlayır. Bu isə Ermənistana diplomatik təzyiqlərin artmasını qaçılmaz edir.

Bu gün danışıqlar prosesində status-kvo, cəbhədə təmas xətti kimi anlayışlar yoxdur. Azərbaycan uzun illər mövcud olmuş status-kvonu aradan qaldırdı, təmas xəttini ləğv etdi.

Oktyabrın 9-da Rusiyanın vasitəçiliyi ilə elan olunmuş iki günlük atəşkəs humanitar xarakter daşıyır, hər iki tərəfə vəfat etmiş hərbçilərin cəsədlərini təhvil vermək imkanı yaradır. Bu birinci mərhələdir. Hərbi müstəvidə əldə edilmiş nailiyyətlərin diplomatiya və siyasi müstəviyə daşınmasıdır. Əgər Ermənistan bundan sonra yenə qoşunların çıxarılması istiqamətində addımlar atmayacaqsa, hərbi əməliyyatlar həmən bərpa oluna bilər.

Danışıqlar baza prinsiplərinə əsaslanmalı, BMT TŞ-nin qətnamələri və Helsinki yekun aktının tələbləri əsas götürülməli,  Ermənistan irəli sürülmüş tələbləri icra etməli, qoşunların işğal olunmuş ərazilərdən çıxarılması qrafikini təqdim etməlidir. Həmsədrlər də fəaliyyətini bu istiqamətdə qurmalıdırlar.

Türkiyə region dövləti olaraq danışıqlar prosesində və münaqişənin hərtərəfli həlli prosesində öz rolunu oynamalıdır.

Qarşıdan gələn iki gün Ermənistana mövcud reallığa adekvat addımlar atmaq, iddialarından geri çəkilmək, işğal siyasətinə son qoymaq, münaqişənin beynəlxalq hüquq çərçivəsində həlli istiqamətində real addımlar atmaq üçün son şansdır.

Keçidlər