Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir şəhərində “Yeni baxış, yeni imkanlar – Şəmkir Aqropark” Biznes Forumu keçirildi.

16 yanvar 2015 | 16:00

Yanvar ayının 16-da Şəmkir şəhərində “Yeni baxış, yeni imkanlar – Şəmkir Aqropark” Biznes Forumu keçirilmişdir. Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov tədbiri giriş sözü ilə açaraq, forumun əsas məqsədi, “Şəmkir Aqroparkı”nın regional iqtisadiyyatın inkişafındakı rolu, dövlət tərəfindən bu layihəyə mühüm əhəmiyyət verildiyi barədə danışmışıdr.
"Şəmkir Aqropark" MMC-in direktoru Zəfər Novruzov layihə və onun investisiya imkanları, innovativ-texnoloji yeniliklər barədə forum iştirakçılarına məlumat vermişdir. Qeyd olunmuşdur ki, forumun məqsədi potensial investorları və geniş ictimaiyyəti məlumatlandıraraq, bu yolla həmin sahəyə investisiya qoyuluşunu stimullaşdırmaqdan ibarətdir.
Sonra Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) icraçı direktoru Şirzad Abdullayev “Dövlətin Aqroparka verdiyi dəstək”, iqtisadçı alim Mikayıl Rəhimov “Şəmkir Aqroparkın kənd təsərrüfatı mədəniyyətində mühüm rolu” mövzularında çıxış etmiş, İtaliyanın “Unitec” və “İsolcell”, Fransanın “Maf Roda” və Türkiyənin “Beta” şirkətlərinin nümayəndələrinin təqdimatları dinlənilmişdir. Forumda çıxış edənlər vurğulamışlar ki, “Şəmkir Aqropark”ın yaradılması aqrar sahənin inkişafına ciddi təkan verəcək, sahibkarların becərdikləri məhsulların çeşidlənməsi, qablaşdırılması, satışın reallaşdırılması, aqrar sahədə innovativ fəaliyyətin genişləndirilməsində mühüm rol oynayacaqdır. Yerli sahibkarlar və investorlar Aqroparkda yaradılacaq Aqroaptekin, İnnovasiyalar və Texnologiyalar Mərkəzinin, Logistik Mərkəzin xidmətlərindən, həmçinin hazır məhsulların dünya bazarlarında satışını həyata keçirmək üçün zəruri beynəlxalq sertifikatların alınması və alıcılara çatdırılması xidmətlərindən yararlana biləcəklər.
Qeyd olunmuşdur ki, “Şəmkir Aqropark” keyfiyyətindən asılı olmayaraq əhalinin yetişdirdiyi bütün kənd təsərrüfatı məhsullarını alacaq. Eyni zamanda, sakinlərə Aqroparkda yaradılmış imkanlardan bəhrələnmək, müxtəlif məhsul növlərinin yetişdirilməsi ilə bağlı tövsiyyələr almaq, məhsuldarlığın artırılması üçün daha keyfiyyətli şitillər əldə etmək imkanı yaradılacaq. Görüləcək işlər yerli sakinlərin sosial rifahının bir qədər də yaxşılaşdırılmasına şərait yaradacaq.
Tədbirin sonunda “Şəmkir Aqropark” MMC ilə İtaliyanın “Unitec” və “İsolcell”, Fransanın “Maf Roda” və Türkiyənin “Beta” şirkətlərinin nümayəndələri arasında gələcək əməkdaşlığın ümumi əsaslarının müəyyən edilməsi məqsədilə anlaşma memorandumları imzalanmışdır.
Biznes Forumunda dövlət və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, iqtisadçı alimlər, Kənd Təsərrüfatı Nazirliyinin, Şəmkir RİH-in nümayəndələri, Sahibkarlığa Kömək Milli Fondunun, “Synergy Group”, "AtaHoldinq" ASC-lərin rəhbərləri, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının, kənd təsərrüfatı sahəsində qabaqcıl Avropa şirkətlərinin nümayəndələri, yerli və xaricdə fəaliyyət göstərən çoxsaylı azərbaycanlı sahibkarlar və KİV nümayəndələri iştirak etmişlər.
Qeyd: “Şəmkir Aqropark” - bir və ya bir neçə növ kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və onların marketinqi ilə əlaqədar fəaliyyətlərin vahid istehsal məkanında, bir ərazidə kombinasiya olunmuş təsərrüfatçılıq subyektidir. O, regional kənd təsərrüfatı sahəsində əlaqələndirilmiş vahid sistemin yaradılması, istehsalçı, emalçı və istehlakçı arasında birbaşa əlaqələrin qurulmasında mühüm rol oynayır. “Şəmkir Aqropark" MMC-nin tərkibində Logistika mərkəzinin, şitilçilik və tingiçilik kompleksinin, avtoparkın, elmi araşdırma və innovasiya mərkəzinin, ofis binası hotel və müvafiq infrastrukturun, aqroservisin, müasir istixana kompleksinin, intensiv bağçılığın, soyuducu anbarın (kartof), satış mərkəzlərinin, meyvə və tərəvəz emalı zavodlarının yaradılması nəzərdə tutulmuşdur.

Keçidlər