Azərbaycan Ordusu öz qüdrətini bir daha bütün dünyaya nümayiş etdirdi
Bütün dünya Azərbaycan xalqının əzmini gördü. Ərazilərin işğaldan azad edilməsi üçün bütün xalq Ali Baş Komandanın ətrafında səfərbərdir.
Azərbaycan Ordusu 10 gün ərzində Ermənistanın 30 il ərzində havadarlarının dəstəyi ilə qurduğu ordusunu darmadağın etdi. 190-dan artıq tank, çoxsaylı artilleriya qurğuları, raket sistemləri, canlı qüvvə məhv edildi, düşmənin xeyli sayda hərbi texnikası, silah-surastı ələ keçirildi. Bundan sonra Ermənistana 10 illiklər lazım olacaq ki, özünə yeni ordu qursun. Bu silah-sursat sistemlərinin qurulması üçün Ermənistan tərəfindən milyardlarla vəsait sərf olunmuşdu.
Ermənistan ordusunun peşəkar zabit heyəti və peşəkar müddətdən artıq hərbi xidmətçiləri böyük sayda məhv edildi. Bu kimi peşəkar hərbçi heyətinin formalaşdırılmasına illər lazımdır.
Aprel döyüşlərində Ermənistan öz cəzasını aldı. Amma son döyüşlər miqyasına görə böyük əməliyyat olaraq Ermənistan ordusunun və cəmiyyətinin özünə güvənini əsaslı dərəcədə sarsıtdı.
Əks-hücum əməliyyatlarında düşmənə sarsıdıcı zərbələr endirməklə torpaqlarımızı işğaldan azad edən Azərbaycan Ordusu öz qüdrətini bir daha bütün dünyaya nümayiş etdirdi.
Milli həmrəylik, yüksək vətənpərvərlik, dünya azərbaycanlarının birliyi dövlətimizin əzmini daha da artırdı. Yaşadığı yerdən asılı olmayaraq bütün soydaşlarımız, o cümlədən Azərbaycanı dəstəkləyən hər bir kəs bütün informasiya platformalarında həmrəy olub Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fədakarcasına mübarizə apardılar.
Tarixi günlərini yaşayan Azərbaycan düşməni torpaqlarımızdan çıxararaq Ermənistanı təslim bayrağı qaldırmağa məcbur etdi. Cəbrayıl rayonu, Hadrut qəsəbəsi, Murovdağ zirvəsi, Suqovuşan su anbarı, onlarla kənd, strateji yüksəkliklər azad edildi. İndi həmin ərazilərdə Azərbaycan bayrağı dalğalanır. Bütün cəbhə xətti boyu ermənilərin müdafiə istehkamları yarıldı və ələ keçirildi, bundan sonra düşmənin yenidən müdafiə xətti qurmağa nə vaxtı, nə imkanları, nə resursları yoxdur. Suqovuşan su anbarının olduğu ərazinin azad edilməsi ilə ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən su probleminin həlli istiqamətində ciddi addım atıldı.
Bir daha Ermənistanın hərbi-siyasi rəhbərliyinin anti-insani, faşist siması ifşa edildi və bütün dünyaya göstərildi. Bir daha sübut olundu ki, Ermənistanın əsas hədəfi yaşayış məntəqələri və dinc əhalidir.