Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan hərbi sahədə əldə etdiyi böyük uğuru həm də diplomatik müstəviyə keçirdi

11 oktyabr 2020 | 16:00

ATƏT-in Minsk Qrupunun həmsədrləri status-kvonu dəyişmək üçün heç nə etmədilər. Mövcud diplomatik və hərbi ətalət həmsədrləri və Ermənistanı qane edirdi. Nəticədə Azərbaycan özü status-kvonu dəyişdi. Dağlıq Qarabağın inzibati ərazisinə daxil olan Hadrutun və ətraf kəndlərin azad edilməsinin böyük geo-siyasi əhəmiyyəti vardır. 

Azərbaycan hərbi sahədə əldə etdiyi böyük uğuru həm də diplomatik müstəviyə keçirdi. Ermənistanın danışıqları formatını dəyişdirmək və Dağlıq Qarabağdakı qondarma rejiminin danışıqlar prosesində tərəf kimi çıxış etməsinə nail olmaq, o cümlədən 1994-cü il Bişkek protokolunu əlində bayraq etmək iddiasının üzərindən birdəfəlik xətt çəkildi. Ermənistan etiraf etdi ki, bu münaqişədə tərəf olan Dağlıq Qarabağdakı qondarma rejim deyil, məhz Ermənistan dövlətidir. Ermənistan baş naziri artıq 7 şərt irəli sürmür, ona diqtə edilən şərtləri qəbul etmək zorundadır. Bu gün danışıqlar prosesində məhz Azərbaycan öz iradəsini diqtə edir və şərt irəli sürür.

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 15 iyul 2020-ci il tarixli iclası zamanı bildirib: “Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik. Yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik”.

Bu günədək aparılan siyasət, atılan addımlar, o cümlədən sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatları dövlət başçısının bu fikirlərinin tam əsaslı olduğunu təsdiq edir. İstər danışıqlar masasında, istərsə də hərb meydanında atılan hər bir düşünülmüş və dəqiq addım bizi əsas hədəfə daha da yaxınlaşdırır.

Keçidlər