Şriftin ölçüsü :

Saytın rəngi :

“Avropa Olimpiya Oyunları gənclərimiz üçün yaxşı imkanlar yaradacaq”

09 dekabr 2012 | 16:00

Dekabrın 8-də Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında 2015-ci ildə ilk Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərar qəbul edilmişdir. Bu böyük tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu, doğrudan da, tarixi hadisədir. Çünki bu vaxta qədər Avropa Olimpiya Oyunları keçirilməmişdir və ilk oyunların Bakıda keçirilməsi böyük tarixi hadisədir, ölkəmizin böyük uğurudur.
Bu qərarın qəbul edilməsində iştirak etmiş bütün insanlara, Avropa Olimpiya Komitəsinə böyük minnətdarlığımı, təşəkkürümü bildirmək istəyirəm. Qeyd etmək istəyirəm ki, Azərbaycan bu oyunları yüksək səviyyədə keçirəcəkdir. Beləliklə, Bakı şəhəri birinci oyunların keçirilməsində böyük xidmətlərinə görə Avropa Olimpiya Oyunlarının tarixinə daxil ediləcəkdir.
Bu qərarın qəbul edilməsində bir neçə amil öz rolunu oynamışdır. İlk növbədə, ölkəmizin beynəlxalq nüfuzu öz rolunu oynamışdır. Azərbaycan bu gün dünyada böyük hörmətə malik olan bir ölkədir. Dünya birliyində bizim rolumuz, təsir imkanlarımız artır və dünya birliyi Azərbaycana böyük hörmətlə və etimadla yanaşır.
Keçən il ölkəmizin tarixində böyük hadisə baş vermişdir, Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv qəbul edilmişdir. Biz bu şərəfə 155 ölkənin dəstəyi ilə layiq görüldük və bir il ərzində Təhlükəsizlik Şurasının üzvü kimi Azərbaycan öz prinsipial mövqeyini göstərir. Əvvəllər də bəyan etdiyim kimi, biz Təhlükəsizlik Şurasında beynəlxalq hüquq normalarını və ədaləti müdafiə edəcəyik.
Bir sözlə, beynəlxalq əlaqələrimiz genişlənir, dostlarımızın sayı artır və ölkəmizin beynəlxalq imici də çox müsbətdir. Digər amil ondan ibarətdir ki, Azərbaycanda uzun illər ictimai-siyasi sabitlik hökm sürür. Bu da çox vacibdir. Ölkəmizin dinamik, uğurlu inkişafı üçün ictimai-siyasi sabitlik çox mühüm rol oynayır və Azərbaycan bu baxımdan nümunəvi ölkə kimi dünyada özünü təsdiqləyibdir.
Əlbəttə ki, iqtisadi uğurlarımız da bu qərarın qəbul edilməsində öz rolunu oynamışdır. Son doqquz il ərzində Azərbaycan dünyada ən sürətli templərlə inkişaf edir. İqtisadiyyatımız üç dəfə, yəni, 300 faiz artmışdır. İqtisadiyyatımızın şaxələndirilməsi prosesi uğurla gedir. Biz bu ilin yekunlarına görə də yenidən gözəl iqtisadi uğurları görürük və bununla fəxr edirik.
Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə dünya miqyasında 46-cı, MDB məkanında birinci yerdədir. Bütün əsas beynəlxalq reytinq agentlikləri Azərbaycanın kredit reytinqlərini hətta böhranlı illərdə də artırıblar. Yəni, iqtisadi imkanlar da öz rolunu oynamışdır.
Ölkəmizdə və Bakı şəhərində müasir infrastruktur layihələri həyata keçirilir. Onların bir çoxu artıq tamamlanmışdır. Bakı dünyanın ən gözəl şəhərlərinin siyahısındadır. Təsadüfi deyildir ki, bu amil də öz rolunu oynamışdır. Növbəti illərdə də Bakının infrastrukturunun genişləndirilməsi, müasirləşdirilməsi istiqamətində əlavə tədbirlər görüləcəkdir.
Şəhərimizdə müasir infrastruktur, xidmət obyektləri tikilir. Şəhər gündən-günə gözəlləşir. Böyük işlər görülür, ictimai yerlər, parklar salınır, binalar bərpa edilir. Özəl sektorun inkişafı üçün çox gözəl şərait vardır. Azərbaycanda investisiya iqlimi çox müsbətdir. Eyni zamanda, iqtisadi, yəni, maliyyə resurslarımız da bizə imkan verəcəkdir ki, Olimpiadanı yüksək səviyyədə keçirək.
Onu da qeyd etmək istəyirəm ki, Bakıda və bütövlükdə Azərbaycanda idman infrastrukturunun yaradılması istiqamətində böyük işlər görülmüşdür. Vaxtilə başlanmış layihələrin bir çoxu başa çatmışdır. Hazırda tikilməkdə olan idman obyektləri yaxın iki il ərzində istifadəyə veriləcəkdir. Yəni, biz Avropa Olimpiya Oyunlarını keçirmək üçün bütün imkanlara malikik. Həm idman infrastrukturu, eyni zamanda, inkişaf etmiş şəhərimiz vardır.
Bu xəbər cəmiyyətdə də böyük sevinc hissi ilə qarşılanmışdır. Bu qərarın qəbul edilməsində şübhəsiz ki, idmançılarımızın uğurları da öz rolunu oynamışdır. Azərbaycan bu gün dünyada və Avropada idman dövləti kimi tanınır. Bizim uğurlarımız həm beynəlxalq yarışlarda əldə etdiyimiz medallarla ölçülür, eyni zamanda, Azərbaycanda, Bakıda yaradılmış müasir idman infrastrukturu da uğurlarımızı tamamlayır. Buna Azərbaycanda və Bakıda keçirilmiş dünya, Avropa çempionatlarını əlavə etsək, görərik ki, doğrudan da Azərbaycanda idman uğurla, sürətlə inkişaf edir. İdmanın kütləviliyi təmin edilir və Azərbaycanda Olimpiya hərəkatı çox yüksək səviyyədədir.
İdmançılarımızın uğurları özünü Yay Olimpiya Oyunlarında da göstərmişdir. Bu il Yay Olimpiya Oyunlarında biz tarixi qələbə qazanmışıq, on medal qazanmışıq. Dünya miqyasında 30-cu, Avropa ölkələri arasında isə 15-ci yerə layiq görülmüşük. Yəni, bütün bu amillər bu qərarın qəbul edilməsində öz rolunu oynamışdır.
Bir daha demək istəyirəm ki, birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi barədə qərar böyük tarixi hadisədir. Bu, bizə göstərilən böyük inamdır, böyük etimaddır, böyük hörmətdir, eyni zamanda, üzərimizə düşən böyük məsuliyyətdir. Mən şübhə etmirəm ki, biz bu sınaqdan da uğurla və şərəflə çıxacağıq, bu oyunları yüksək səviyyədə keçirəcəyik.
- Azərbaycan dünyəvi bir dövlətdir. Ölkəmizdə son illər insan kapitalına verilən dəyər, digər sahələrdəki inkişaf göstəricilərimiz təkcə rəqəmlərdə deyil, konkret işlərdə özünü əyani göstərib. İdman sahəsində də əldə etdiyimiz nailiyyətlər də böyükdür. Ölkəyə gətiriləcək birinci olimpiya oyunları Azərbaycanı əyani olaraq görmək üçün minlərlə insana bir fürsət olacaq. Digər tərəfdən, Azərbaycanın idman modeli nümunəsinin öyrənilməsinə şərait yaradacaq. Azərbaycanda dövlətin idman siyasətinə, sağlam həyat tərzinə verdiyi dəyərin yaxından təhlil edilməsinə şərait yaradılacaq. Ölkəmizin dünyaya daha yaxşı tanıtımı üçün və qitə olimpiya oyunları ilə yanaşı, dünya olimpiya oyunlarının Azərbaycana gətirilməsi üçün də bu, bir fürsət olacaq. Azərbaycanda fərdi idman növlərində ayrı-ayrı keçirilmiş yarışların təcrübəsinə müsbət təsir göstərəcək, kompleks idman yarışı təcrübəsinin də artırılmasına səbəb olacaq. Yeni insan kütləsinin ölkəyə gəlməsinə səbəb olacaq. Maliyyə institutlarının Azərbaycanda daha geniş fəaliyyəti üçün şərait yaradılacaq. Azərbaycanın yeni media və reklam məhsulları partnyorlarının sayı artacaq. Azərbaycandan yayımlanacaq oyunları tele-auditoriya, qəzet auditoriyası daha çox tanıyacaq. Ən nəhayət olimpiya oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizin tolerantlılığını, tarixini, iqtisadi gücünü, xalqın yaşam tərzini bir daha dünyaya nümayiş etdirəcək.
- Üç kateqoriya gənclər var. Professional idmanla məşğul olan gənclər bu yarışlarda doğma divarlar arasında öz bacarıqlarını ortaya qoymaq üçün daha bir fürsət qazanacaqlar. Həvəskar idmanla məşğul olanlar peşəkar idmana bir addım da yaxınlaşacaqlar. İdmandan ümumiyyətlə uzaq olanlar üçün isə bu yarışlar onların idmana, kütləvi bədən tərbiyəsinə gəlməsi üçün bir çağırış olacaq. Minlərlə insan könüllü olaraq ayrı-ayrı sahələrə cəlb olunacaq. Minlərlə müvəqqəti və daimi iş yerləri açılacaq. İnsanlar həyat təcrübəsi, beynəlxalq yarışların təşkili təcrübəsi, dünya ölkələrinin nümayəndələri ilə canlı ünsiyyət imkanı qazanacaqlar.
Azərbaycançılıq ideyasının çatdırılması üçün də bu, bir fürsət olacaq. Bəlkə də elə insan var ki, ömrü boyu yaşayıb, fəaliyyət göstərib, təcrübə toplayıb. Amma əldə etdiklərini beynəlxalq səviyyədə ortaya qoya bilməyib. Həmin insanlar üçün də olimpiya oyunları əla fürsət olacaq. Bütövlükdə isə Avropa Olimpiya Oyunları Azərbaycan gəncliyinin püxtələşməsi üçün yaxşı imkanlar yaradacaq.
- Nəzərə almalıyıq ki, bu, Avropanın birinci yay Olimpiya Oyunlarıdır. Hazırda aparılan danışıqlar sona çatmayıb. Amma ilkin fikirlər belədir ki, Avropada bir o qədər də göstəricisi yüksək olmayan idman növləri bu olimpiyadaya salınsın. Yaxud əksinə, Avropada idman göstəriciləri yüksək olan növlərin əlavə edilsin ki, burada həmin göstəricilərdə bir az da artım olsun. Bu Avropa Olimpiya Komitəsinin tələblərinə aid olan məsələdir. Ev sahibliyi edəcək tərəfin milli idman növü, yaxud, beynəlxalq federasiya ilə münasibətlərindən irəli gələrək, bu və ya digər idman növlərinə üstünlük verməsi də ehtimal olunur. Orta hesabla bu gün 15-17 idman növü üzrə yarışların keçirilməsi planlaşdırılır. Bura həm fərdi, həm də komanda idman növləri də aiddir. Eləcə də həm xanımlar, həm də kişilər arasında böyük yaş qrupuna aid olan idman növlərinin əlavə olunması kimi məsələlər var. İstisna deyil ki, gələcəkdə olimpiya növlərinə düşmə ehtimalı olan qeyri-olimpiya idman növlərini də biz burada görək. Stolüstü tennis, avarçəkmə, güllə atıcılığı, kamandan ox atma, həndbol və voleybol, bir neçə idman növünün cəmi olaraq treatlon və sair. Cüdo, boks və taekvando idman növləri üzrə də işlər tamamlanmaq üzrədir. Müzakirələr sambo, xanımlar arasındakı sərbəst, Yunan-roma güləşi, idman rəqsləri və sair kimi idman növləri üzərində aparılır. Biz zorxana idman növünün də bura salınması üzərində işlər aparmışıq. İndi istəklə yanaşı həm də Avropada həmin növün populyar olub-olmamağının da rolu böyükdür. Avropada həmin növün federasiyasının çəkisindən və o növlə məşğul olan insan kütləsinin sayından da çox şey asılıdır. Bu, həm də ona görə seçilir ki, tele-auditoriya, tamaşaçı və azarkeş auditoriyası daha çox cəmləşsin. Digər bir tərəfdən idman növü oyunların maliyyə yükünü azaltsın, rəqabəti artırsın ki, hər bir iştirakçı ölkənin medal qazanma ehtimalı çox olsun. Beləliklə bu yarış baxımlılıq, uzunmüddətlilik nöqteyi-nəzərindən olimpiya oyunlarından geri qalmasın.


- Ölkədə 35 olimpiya idman kompleksi tikilib istifadəyə verilib. Bunlardan bir neçəsi paytaxt Bakıda yerləşir. Olimpiya oyunları üçün paytaxtda Heydər Əliyev adına İdman Konsert Kompleksi, “Eurovision-2012” musiqi yarışması üçün tikilib istifadəyə verilən “Crystal hall”, beynəlxalq sərgilərin keçirildiyi “Baku Exspo Centre”, Tofiq Bəhramov adına Respublika Stadionu kimi məkanlar ilk növbədə təqdim olunacaq. Bunlarla yanaşı, hal-hazırda tutumu 65 min nəfərə yaxın olan Olimpiya Stadionunun, eləcə də Gimnastika Federasiyası üçün kompleksin, Boks Mərkəzinin tikintisi gedir. Cüdo Mərkəzində isə son tamamlanma işləri aparılır. Londonda keçirilən yay olimpiya oyunları təcrübə baxımından həm də onu göstərdi ki, yarışların keçirilməsi üçün xüsusi metal konstruksiyalardan hazırlanmış stasionar idman qurğularından da yararlanmaq olar. Belə idman qurğularını yarış başa çatandan sonra sökmək də mümkündür. Bu, bilavasitə maliyyə yükünün azaldılmasına hesablanıb. Ona görə ki, Avropa Olimpiya Komitəsi daha çox olimpiya oyunlarının gəlirli olmasında maraqlıdır. Bizdə isə hazırkı və ya tikilməkdə olan idman qurğuları müasir tələblərə cavab verməklə yanaşı, gələcəkdə yeni tədbirlərin keçirilməsi zamanı da istifadə ediləcək. Bu, prioritet olaraq götürülüb. Ekoloji baxımdan standartlara uyğunluq, kütləvilik, yüksək texnologiyalardan istifadə bu gündə istəklərimizi həyata keçirməyə imkan verir. Zaman baxımından da problem yoxdur. İdman qurğularının inşasında yerli mütəxəssislərlə yanaşı, əcnəbilərin dəvət edilməsi də istisna deyil. Dünyada, olduğu kimi Azərbaycanda da bu praktikadan istifadə edilir. Zamanın, maliyyə resurslarının və mütəxəssislərin olması, bizə, görmək istədiyimiz işləri reallaşdırmağa imkan verəcək.
- Əgər yaxın 10 il ərzindəki statistik rəqəmlərə nəzər salsaq görərik ki, birmənalı olaraq, gənclərin peşəkar idmana gəlməsində böyük artım var. Bu artım dinamikası sadəcə oğlanlara deyil, eyni zamanda qızlara da aiddir. Digər tərəfdən, həvəskar şəkildə, gündəlik sağlam həyat tərzinin faydalılığını dərk edən, cavan, gümrah qalmaq istəyində olan və bunun üçün də idmana maraq göstərən insanlar arasında orta nəslin nümayəndələri də üstünlük təşkil edir. Sadəcə azarkeş kimi idman yarışlarına gələn insanların sayı bizi qane etmir. Bu sahədə federasiyaların təbliğat işini daha da gücləndirməsinə böyük ehtiyac var. Paralel olaraq, bu, tədbirin keyfiyyətindən, zamandan, yarışın nəticəsindən də asılıdır.

- İdmançılarımız beynəlxalq səviyyədə keçirilən istənilən idman yarışında böyük həvəs və ruh yüksəkliyi ilə iştirak edir, ölkəmizi layiqincə təmsil edirlər. Ermənistanda keçirilən yarışlara gəlincə, biz dəfələrlə bəyan etmişik ki, Azərbaycanda keçirilən beynəlxalq yarışlarda istənilən dövlətin idmançı heyəti iştirak edə bilər. Biz onların təhlükəsizliyinə tam zəmanət veririk. Ermənistan da ölkə olaraq bu kimi öhdəlikləri yerinə yetirməlidir. Elə bu yaxınlarda Ermənistanda gənclər arasında boks üzrə dünya çempionatı keçirildi. Bizim gənclərdən ibarət əvəzedici boksçularımız, gələcəkdə yığma komandaya düşmə ehtimalı olan idmançılarımız düşmən ölkədə Azərbaycan bayrağını ucaltmağa müvəffəq oldular. İdmançılarımız hətta Ermənistanda keçirilən yarışlarda belə, yüksək əhval ruhiyyə ilə iştirak etmək üçün psixoloji baxımdan da tam hazırdırlar. Azərbaycan və Ermənistan idmançılarının statistik göstəricilərinə nəzər salsaq, ölkəmizin bu sahədə də üstünlük əldə etdiyini aydın sezmək olar. Azərbaycan idmanının səviyyəsi əhali və ərazi sayı baxımından ölkəmizdən qat-qat artıq olan dövlətlərdəki idmanın səviyyəsi ilə müqayisə edilir. Məhz bunun məntiqi nəticəsidir ki, ilk dəfə keçiriləcək Avropa Olimpiya Oyunlarına ev sahibliyi etmək Azərbaycana həvalə olunub.
-Bütün idman növlərində qaydalar tez-tez dəyişir. Bu qaydaların dəyişməsinə səbəb, hər hansı idman növünün daha çox ölkə tərəfindən medal qazanmasına, daha çox auditoriya yığmasına yönəlməsidir. Hərçənd ki, biz bununla hər dəfə razılaşmırıq. Bu, ona gətirib çıxarır ki, idmançı öz nəticəsini təkrar eləmək üçün birinci dəfə qazandığı nailiyyətə sərf etdiyi qüvvədən bir neçə dəfə artıq qüvvə sərf eləməlidir. Qaydaların dəyişməsi daha çox nəticə göstərmiş idmançıların əleyhinə olur. Digər tərəfdən, dünya rekordları və nəticə göstərmə yaşı xeyli cavanlaşıb. Yəni, peşəkar idmanda qalıb və yüksək nəticələri göstərmək olduqca çətinləşir. Bu, hansısa uğurlar qazanmış idmançının ulduz xəstəliyinə tutulmasından irəli gəlmir.
-Texnologiyaların inkişaf etməsi, görüş zamanı rəqib idmançının öyrənilməsi üçün şərait əvvəlki dövrlərdən çox fərqlənir. Ötən əsrin 60-70-ci illərindəki rekordları yeniləmək, müasir idmançı üçün çox çətindir. Həmin göstəricilər insan potensialının maksimumudur. Həmçinin o dövrdə dopinqlə mübarizənin aşağı səviyyədə olması, ekoloji tarazlığın insan üçün daha rahatlılığı da şərtdir. Ötən əsrdəki qida məhsullarının keyfiyyəti də indiki dövrdəkindən fərqli idi. Bütün bunlar nəzərə alınmalıdır. Yüksək texnologiyalar idmançını fizikidən daha çox taktiki-texniki düşüncə tərzinə yönəldir. Bu baxımdan hər hansı idmançının öz uğurunu təkrarlaya bilməməsi bütün ölkələrdə müşayiət olunan prosesdir.
Oyunların keçirilməsi 2015-ci ildə nəzərdə tutulur. Yəni, bizim hazırlıq üçün cəmi iki il vaxtımız vardır. Əminəm ki, biz bu oyunlara hazırlıqla bağlı bütün tədbirləri görüb onu yüksək səviyyədə keçirəcəyik. Bir daha dünyaya göstərəcəyik ki, gənc, müstəqil, dinamik inkişaf edən Azərbaycan böyük uğurlara nail olubdur.
Bu gözəl hadisə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

 

Keçidlər