20 Yanvar faciəsi qurbanlarının xatirəsi Şəmkirdə silsilə tədbirlərlə anılıb
20 yanvar 2025 | 13:44
Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "20 Yanvar hadisələrinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyevin rolu“ mövzusunda keçirilən konfransda RİH başçısı Rəşad Tağıyev çıxış edərək bildirib ki, 1990-cı il yanvar faciəsinə aparan yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başlayıb. Artan xətt üzrə davam edən gərginliyin qarşısını almaq əvəzinə, Sovet rəhbərliyi Azərbaycan xalqına qarşı dəhşətli cinayət törədib.
Rəşad Tağıyev qeyd edib ki, Qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi məsələsi Ümummilli Lider Heydər Əliyevin sayəsində həllini tapıb: “Faciənin ertəsi günü - yanvarın 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqla birgə olduğunu bildirdi, 20 Yanvar faciəsinə siyasi qiymət verdi, onun hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, mərkəzin və ozamankı respublika rəhbərlərinin xəyanəti üzündən baş vermiş siyasi səhv olduğunu bəyan etdi. O, Bakıdakı terror aktına rəvac verən hakimiyyət nümayəndələrini və hərbçiləri cinayətkar, onların dinc əhaliyə tutduqları divanı isə bütöv bir xalqa qarşı edilən tarixi cinayət adlandırdı. Məhz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən qərar qəbul edildi”.
İcra başçısı qeyd edib ki, bu gün də Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev şəhidlərin adının uca tutulmasına, onların ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi diqqət göstərir.
Çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev də 20 Yanvar hadisələrinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyevin rolundan danışıb. Bildirib ki, Ümummilli Lider Heydər Əliyev təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin “20 Yanvar” əməlinə etiraz edirdi. 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən qərar qəbul edilməsi Ulu Öndər Heydər Əliyev qətiyyətinin təzahürü kimi tarixə düşdü.
Digər natiqlər də 20 yanvar günü dəhşətli, insanlığa xas olmayan hadisələrdən danışıblar. Bildirilib ki, 1990-cı ilin qanlı yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyil, həm də ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir.
Qeyd edək ki, 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar matəm əlaməti olaraq rayon ərazisində Azərbaycanın Dövlət Bayrağı endirildi, saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunaraq, nəqliyyat vasitələrində səs siqnalları verildi.
Eyni zamanda 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anmaq məqsədilə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, o cümlədən rayon ictimaiyyəti Şəmkir şəhərində yerləşən 20 Yanvar abidəsi önünə gül dəstəsi qoydular.
Həmçinin rayon rəsmiləri Şəhidlər Xiyabanını ziyarət edib, Vətənimizin azadlığı uğrunda canından keçən qəhrəman oğullarımızın xatirəsini ehtiramla yad etdilər.
Onu da qeyd edək ki, rayonda keçirilən silsilə tədbirlər çərçivəsində 20 Yanvar faciəsinin 35-ci ildönümü münasibətilə təhsil müəssisələrində xüsusi dərslər keçirilib, tədbirlər təşkil olunub, faciə qurbanlarının xatirəsinə məscidlərdə təşkil olunan mərasimlərdə dualar oxunub.