Şriftin ölçüsü :

Saytın rəngi :

MİLLİ MƏCLİSİN SƏDRİ TÜRKİYƏNİN TİCARƏT NAZİRİ İLƏ GÖRÜŞÜB- FOTO

12 sentyabr 2020 | 16:00

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi parlamentin sədri Sahibə Qafarovanın Türkiyənin Ticarət naziri Ruhsar Pekcanla görüşünə dair məlumat yayıb.

Görüşdə xanım nazir bildirib ki, 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi 4,4 milyard dollar olub. Lakin bu rəqəm iki ölkənin gerçək potensialını əks etdirmir və məqsəd ticarət dövriyyəsini daha da artırmaqdır.

Nazir bildirib ki, hədəfimiz Azərbaycanla Sərbəst Ticarət Anlaşması imzalamaqdır. Ruhsar Pekcan pandemiya səbəbindən Türkiyənin Orta Asiyaya İran üzərindən daşımalarda çətinlik yarandığını və bu səbəbdən Gürcüstan-Azərbaycan-Xəzər istiqamətinin daha da önəm qazandığını diqqətə çatdırdı.

“Ümumiyyətlə, Azərbaycanla işbirliyimizdən məmnunuq və daha böyük ticarət dövriyyəsinə imza atacağımıza inanırıq” ,- deyə R.Pekcan əlavə edib.

Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, bu, onun ilk rəsmi səfəridir.

“Türkiyə bizim üçün doğma ölkə olduğu üçün Azərbaycanın ən yüksək vəzifəli şəxsləri ilk səfərlərini bu ölkəyə həyata keçirirlər. Türkiyə tərəfdən də bu, belədir. Biz bir millət, iki dövlətik. Bu sözləri ulu öndər Heydər Əliyev deyib. Düşünürəm ki, doğrudan da bu sözlərin arxasında çox böyük həqiqət var. Çünki dilimiz, dinimiz, mədəniyyətimiz, tariximiz də birdir. Eyni zamanda, bizim dilimizdə, mədəniyyətimizdə olan birlik bizə gələcəyimizi də birgə qurmağa imkan verir”.

İki ölkə arasındakı iqtisadi münasibətlərə toxunan spiker deyib ki, Türkiyə və Azərbaycan bu gün region üçün çox böyük işlər görür.

“Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars dəmiryolu layihələri buna misal ola bilər. Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi türkdilli ölkələri birləşdirən dəmiryoludur və onu yalnız Qədim İpək Yolu ilə müqayisə etmək olar. Hazırda iqtisadi münasibətlərimiz yüksək səviyyədədir. Pandemiya şəraiti olmasına baxmayaraq, bu ilin altı ayı ərzində qarşılıqlı ticarət dövriyyəmiz 2 milyard dolları keçib”.

Milli Məclisin sədri həm Türkiyədə, həm də Azərbaycanda qadınlara verilən dəstəkdən danışaraq qeyd edib ki,  hansı cəmiyyətdə qadın azaddırsa, yaxşı təhsili varsa, o cəmiyyət inkişaf edəcək.

Keçidlər